Aprelin 25-də Nəsimi rayon prokurorluğunun yeni inzibati binasının açılış mərasimi keçirilib.
Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, tədbirdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev və digər rəsmi şəxslər iştirak ediblər.
Əvvəlcə mərasim iştirakçıları binanın foyesində yerləşən ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq onun xatirəsini ehtiramla yad ediblər.
Məlumat verilib ki, istifadəyə verilən yeni inzibati bina prokurorluq əməkdaşlarının peşəkar fəaliyyətinin daha səmərəli təşkili, iş proseslərinin effektivliyinin artırılması və vətəndaşlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə müasir standartlara tam cavab verən infrastrukturla təmin olunub.
Binada əməkdaşların rahat və funksional iş şəraiti üçün bütün zəruri texniki avadanlıqlarla təchiz olunmuş xidməti otaqlar, vətəndaşların qəbulu üçün xüsusi hissə, konfrans və iclas zalları yaradılıb. Eyni zamanda, bina enerji səmərəliliyi və təhlükəsizlik baxımından da ən son tələblərə uyğun layihələndirilib.
Əlavə olaraq qeyd olunub ki, yeni binada “Elektron Prokurorluq” informasiya sistemi də tam şəkildə tətbiq olunub. Bu sistem vasitəsilə sənəd dövriyyəsi rəqəmsal müstəvidə həyata keçirilir, işin çevikliyi və şəffaflığı artırılır.
İnzibati bina ilə tanışlıqdan sonra yeni binanın akt zalında iclas keçirilib.
Açılış nitqində Baş prokuror Kamran Əliyev bildirib ki, müasir və çevik prokurorluq sisteminin formalaşdırılması Azərbaycanın hüquqi dövlət quruculuğunun əsas prioritetlərindən biridir. Bu istiqamətdə atılan ardıcıl və məqsədyönlü addımlar ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə əsası qoyulan dövlətçilik strategiyasının mühüm tərkib hissəsini təşkil edib. Məhz həmin yol hazırda Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək, hüquq-mühafizə orqanlarının, o cümlədən prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi, insan resurslarının inkişafı və fəaliyyətin şəffaflığının təmin olunması sahəsində mühüm nailiyyətlər əldə olunub.
Baş prokuror yeni inzibati binanın açılışı münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə prokurorluq əməkdaşları adından dərin təşəkkürünü bildirərək vurğulayıb ki, ölkə başçısının rəhbərliyi, daim göstərdiyi diqqət və qayğı nəticəsində prokurorluq orqanlarının fəaliyyətinin müasir dövrün tələblərinə uyğun təşkili, maddi-texniki bazanın gücləndirilməsi, o cümlədən əməkdaşlar üçün yaradılan hərtərəfli iş şəraiti peşəkarlığın, iş potensialı və səmərəliliyin artırılmasına, habelə vətəndaş məmnunluğunun təmin olunmasında mühüm irəliləyişlərə səbəb olacaq.
Baş prokuror yeni inzibati binanın istifadəyə verilməsi münasibətilə prokurorluq əməkdaşlarını təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O, çıxışında bildirib ki, yaradılan müasir iş şəraiti prokurorluq əməkdaşlarından daha böyük məsuliyyət, yüksək peşəkarlıq və qanunçuluğa sadiqlik tələb edir.
Kamran Əliyev prokurorluq əməkdaşlarını daim öz üzərində çalışmağa, bilik və bacarıqlarını təkmilləşdirməyə, eləcə də fəaliyyətlərini dövlətçiliyə sədaqət, dürüstlük və obyektivlik prinsipləri əsasında qurmağa çağırıb.
Tədbirin sonunda xatirə şəkli çəkdirilib.