COP29 vaxtı Bakı aeroportuna şəxsi maşınla getməyin!
07 noyabr 2024 11:30 (UTC +04:00)

COP29 vaxtı Bakı aeroportuna şəxsi maşınla getməyin!

COP29 zamanı Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanına giriş-çıxış üçün məhdudiyyətlər olacaq.

Lent.az xəbər verir ki, bu barədə "APA-Economics"in apardığı araşdırmada ətraflı məlumat yer alıb. Araşdırmada tədbirə gələn qonaqların daşınması, xüsusi marşrut xətlərinin hərəkət sexmi, həmçinin COP29 zolaqlarından hansı avtomobillərin istifadə edəcəyi yer alıb.

Hava limanından daşımalar necə olacaq?

Tədbirin ilk üç günündə Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanından şəhərin mərkəzinə şəxsi nəqliyyat vasitəsi ilə gəlmək mümkün olmayacaq. Xaricdən Bakıya gələn yerli və əcnəbi vətəndaşlar aeroportda fəaliyyət göstərəcək H1 və H2 nömrəli avtobuslardan istifadə etməli olacaqlar. H1 xətti üzrə marşrut 10 dəqiqəlik intervalla hava limanı - "28 may" ərazisini, H2 xətti üzrə marşrut isə 15 dəqiqəlik intervalla hava limanı - "Əhmədli" metrosu stansiyasını əhatə edəcək. Lakin nəqliyyat vasitələri aeroportun ərazisinə daxil ola, insanları düşürə biləcəklər. 10-14 noyabr tarixlərində yalnız aviabileti olan sərnişinlər Terminal 1 və Terminal 2-yə daxil ola biləcəklər.

Tədbir iştirakçılarını gedəcəkləri ünvana çatdırmaq üçün 16 nəqliyyat qovşağı fəaliyət göstərəcək. Qovşaqlar hotellərin və iştirakçıların yerləşdirildiyi yaşayış komplekslərin olduğu sahələrdə yaradılacaq.

COP 29 zolaqları

Qeyd edək ki, COP29-la əlaqədar paytaxt yollarında xüsusi hərəkət zolaqları təşkil edilib. 1 noyabr tarixindən 26 küçə və prospektdə – Neftçilər, Heydər Əliyev, Xocalı, Şah İsmayıl Xətai, Parlament, Bülbül və ​Azadlıq prospektləri, Zuğulba yolu, Hava limanı, Zığ və Salyan şoseləri, Bünyad Sərdarov, Həsən Seyidbəyli, Şeyx Şamil, Mirzəağa Əliyev, Həsənoğlu, Mikayıl Üseynov (Bayraq meydanı istiqamətində), Gülarə Qədirbəyova, Niyazi, İstiqlaliyyət, Üzeyir Hacıbəyli, Koroğlu Rəhimov, Mehdi Hüseyn, Mikayıl Müşfiq, Həsən Əliyev və Fətəli Xan Xoyski küçələrində təşkil edilən zolaqlara daxil olmaq qadağan olunub. COP29 zolaqlarından yalnız xüsusi xidmət və tədbir avtomobilləri, qırmızı elektriklə işləyən taksilər və ictimai nəqliyyat vasitələri istifadə edə bilər. Bunun üçün xüsusi xidmət və tədbir avtomobillərinə müəyyən stikerlər, nəqliyyatın buraxılış və parklanma icazəsi vərəqələri verilib. Bununla yanaşı təcili tibbi yardım avtomobilləri də COP 29 zolaqlarından istifadə edə biləcəklər.

Xatırladaq ki, 11-22 noyabr tarixlərində Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3381
avatar

Oxşar yazılar