Ayağını itirmiş qazi ilə ailə quran Günelin gözləri
08 yanvar 2021 15:45 (UTC +04:00)

Ayağını itirmiş qazi ilə ailə quran Günelin gözləri

Müharibə böyük və uzunmüddətli ağrıdır. Ard-arda gələn ölüm xəbərləri, yaxınlarını itirmək qorxusu, yarımcan qayıdan insanların həyata, dünyaya əvvəlki gözlə baxa bilməməsi…

Ona görə də müharibə olan bir ölkədə insanların psixologiyasının qaydasında olmasını gözləmək olmaz. Gözümüzü açandan yaşadığım coğrafiyada müharibə var. Qulaqlarımız müharibə hekayələri ilə doludur.

Müharibənin bizim üzərimizdə yaratdığı mənəvi xaos güclüdür. Bu xaosun, ruhi çöküşün ortasında yaralı ruhumuza günəş kimi doğan hadisələr də baş verir.

Məsələn, Talış yüksəkliyi uğrunda döyüşlərdə bir ayağını itirən Abbasın dünya evinə girməsi xəbəri müharibənin ağrılarını az da olsa xəfiflətdi.

Qazimizin məğrur xanımı Günel baxışları ilə dünyaya, savaşlara, ümidsizliklərə, çarəsizliklərə meydan oxuyurdu.

Müharibə nə qədər dəhşətli olur-olsun, sevgidən güclü deyil mesaj ötürürdü dünyaya.

Müharibənin başladığı ilk günlərdə məhəlləmizdəki mağazada kassir işləyən zərif qız xeyli düşüncəli idi. Pulu kassadan baxmadan çıxarıb mənə uzadanda gördüm artıq verir. Təlaşlı idi. Bir gözü telefonda, digər gözü radioda diktorun səsləndirdiyi cəbhə xəbərlərində idi. Soruşdum, cəbhədə kimin var? Çəkinmədən dedi, sevgilim! Bunu elə məhrəm söylədi ki, səsindəki titrəyişdən sevginin əzəmətini hiss etdim.

Image may contain: 2 people, people sitting

Dedi, iki həftədir gedib, xəbər yoxdur. Kövrəldi. Sonra qətiyyətli tonda dedi ki: “Kaş bir qolu, bir ayağı, bir gözü olmasa da nəfəsi üstündə qayıtsın.”

İçim ürpərdi.

O gün bir daha anladım ki, müharibə olan torpaqlarda savaşan, ağrı çəkən, üşüyən, yaralanan, ölən təkcə əsgərlər deyil, həm də onların qadınları, anaları, sevgililəridir.

Qazimizin sevgilisi də onu yəqin bu arzularla gözləyib. Gözləmək necə bir duyğudur, onu ən yaxşı bir ayağını itirmiş qazi həyat yoldaşının qoluna qürurla girən o gəlin bilir. “Ya bu gün, ya sabah gələr” - deyərək, həsrətlə, sevgi ilə gözləyib. Hələ gün doğmadan gözlərini qapılara, pəncərələrə sarmaşıq edib.

Şəhid qadınlarının həyatı qədər qazi qadınlarının da həyatı çətindir. Qazi qadını olmağın başqa, spesifik çətinlikləri də var. Müharibənin travmasını bir ömür ruhunda gəzdirən insanlarla həyat qurmaq, həyata davam etmək asan deyil.

Bu ağır məsuliyyətin altına ürəklə çiyinlərini verən qadınlar müharibədə şücaət göstərən əsgər qədər qəhrəmandır.

Günel ümidi, sevgisi, inamı ilə hamımıza dərs verdi.

Sübut etdi ki, sevgi əngəl tanımır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9906
avatar

Günel Musa

Oxşar yazılar