“Ata, mənəm, ölən oğlun...” – Cəbhə xəstəxanasından FİLM KİMİ  REPORTAJ – Səbuhi Məmmədli yazır
19 yanvar 2021 18:01 (UTC +04:00)

“Ata, mənəm, ölən oğlun...” – Cəbhə xəstəxanasından FİLM KİMİ REPORTAJ – Səbuhi Məmmədli yazır

"Uzaqdan görürdük ki, “Ambulans” gəlir. Mərkəzin həyəti də elədi ki, “Ambulans” ya morqa tərəf dönəcəkdi, ya da qəbul şöbəsinə. Qəbul şöbəsinə tərəf dönəndə sevincdən qışqırırdıq ki, çox şükür, şəhid deyil”. Nicat danışır bunları Lent.az-a. 44 gün Füzuli Müalicə-Diaqnostika Mərkəzində Vətən müharibəsinin görünməyən tərəfinin qəhrəmanlarından biri…

 

(Əvvəli burda https://lent.az/xeber/sosial/masin-ya-morqa-teref-donecekdi-ya-da-cebhe-xestexanasindan-film-kimi-reportaj-sebuhi-memmedli-yazir-393710)

 

... Nicat danışır ki, bu 44 gündə onlar üçün ən çətini yuxusuzluq, yorğunluq deyildi.

- Vallah, günlərlə yemək yeməsəydik belə, yadımıza düşməzdi. Ən çətini yaralı əsgərlərlə bağlı idi. Bəlkə də düz ifadə etmədim, həqiqətən onları müalicə olunmağa razı salmaq üçün az qala yalvarırdıq. Tutaq ki, birinin yüngül güllə yarası vardı. Həkim əməliyyat edib gülləni çıxaran kimi deyirdi ki, mən gedirəm. Deyirdik, a bala, hara gedirsən. Qayıdırdı ki, qayıdıram cəbhəyə, dostlarımın yanına. Yalvar-yaxar edirdik, güc-bəlayla razı salırdıq ki, beş-altı gün də yat, azca sağal, gedərsən. İnanırsınız, həkimlərlə dalaşırdılar. Qışqırırdılar ki, siz bizi yalandan burda saxlayırsınız. Qəsdən qoymursunuz. Çox inadkar idilər, çox.

Bir maraqlı əhvalat da nəql edirlər bizə. Yaralı əsgərlərdən biri həkimə deyib ki, məni burax, gedirəm. Həkim isə hələ bir müddət müalicə olunacağını deyir. Bu isə razılaşmır.

- Bir gün palatadan necəsə çıxıb “Ambulans”lardan birinə minmişdi gizlicə. Qapıda polis saxlamışdı. Onu geri palataya qaytaranda səsi götürmüşdü aləmi ki, burda qalmıram, uşaqların yanına qayıdıram. Yarası da sağalmayıb ha. Təsəvvür elə, Mərkəzdən bir dəstə adam uzun yalvar-yaxardan sonra onu sakitləşdirdilər.

Həmsöhbətlərim deyir ki, həm polislər, həm də daxili mühafizə - hamı zərgər dəqiqliyi ilə işləyirdi.

- Düzdü, xırda çətinliklər olurdu. O da o cür vəziyyətin qarşısında olmaya bilməzdi. Yəni, süfrənin üstündə duz çatışmırsa, bu o demək deyildir ki, yemək dadsız idi, orası da var da. Ona görə də müharibə şəraitində o cür çətinliklər mütləq idi. Əslində təşkilatçılıq çox gözəl idi. İnsanlar özləri bütövləşmişdi.

Mərkəzin direktoru Şaiq Şükürov deyir ki, mülki dövrdə onların cəmi 100 çarpayı ehtiyatı varmış.

- Mülki vaxtda bu kifayət qədərdir. Əslində, biz hazır idik. Bütün çətinlikləri göz önünə almışdıq. Açığı, belə gözləmirdik. Hər gün onlarla yaralı qəbul edirdik. Bilmirdik, tutaq ki, sabah nə qədər yaralı gələcək. Artıq ilk gündən çarpayı çatışmazlığı yaşandı. Sağ olsun, kənd camaatı, bizi darda qoymadı. Amma ən qısa müddətdə TƏBİB bizi təmin etdi. Kənd camaatı bir məsələdə də bizə böyük dəstək oldu. Təsəvvür edin, yaralıların böyük əksəriyyəti əməliyyata aparılarkən hərbi paltarları cırılırdı, ya da qan içində olduğundan yararsız hala düşürdü. Bax, onda camaat əyninin təzə paltarını, hələ geyinmədiyini gətirib verirdi ki, əsgər təxliyə olunanda istifadə etsin. Gətirilən əsgərlərin əksəriyyəti qəlpə yarası alanlar idi. Minaya düşən, snayper yaraları da olurdu, amma ən çox minaatan mərmisi, qəlpə yaraları.

Bəzən əməliyyatlardan sonra qan donduran hadisələr də yaşanıb. Bir dəfə ayağı kəsilən əsgərlərdən birinin narkozun təsirindən ayılan kimi ilk dediyi bu olub: “Doktor, ayağım ağrıyır”.

Vüqar danışır ki, 44 gün ərzində Mərkəzə gedən gələn yolda dam əlindən tərpənmək mümkün deyildi.

- O qədər adam var idi ki... Hamı kömək etmək istəyirdi. Axışırdılar hərbi maşınların üstünə, deyirdilər bizi də aparın. Döyüşə getmək istəyirdilər. Və ya Mərkəzə gəlib xahiş edirdilər ki, gedib orada əsgərin otağını təmizləyərəm, paltar yuyaram, əlimdən nə gəlsə, edərəm. Bütün bunlar döyüşçülərə də güc verirdi. Arxa cəbhədən böyük dəstək onları da ruhlandırırdı. Hərdən görürdün ki, kimsə necəsə, nə yollasa Mərkəzə girə bilib. Biri yerdəki qanı təmizləyirdi. Biri əlil arabasını daşıyırdı. Biri xərəkdən yapışırdı. Könüllü sürücülük edən vardı. Qadınlar gəlirdi ki, kartof soyaq, soğan soyaq, döşəməni yuyaq. Çox təsirli anlar idi. Hamı bir yumruq kimiydi.   

Nicat deyir ki, doğum şöbəsini də palata etmişdilər.

- Altmışa yaxın yaralı vardı orda. Xəstə sayı çoxalan kimi təxliyəyə başlayırdıq. Bunun üçün çeşidləmə aparılırdı. Yüngül xəstələr ayrılırdı, hansı ki iki-üç gün sonra döyüşə qayıda biləcəkdilər. Təcili tibbi yardım maşınlarının bir hissəsi isə şəhidləri ünvanlarına çatdırılırdı. Bəzən tanınmayanda yaxınlarıyla əlaqə saxlanılırdı, çağırılırdılar, valideynləri xəstəxanaya dəvət olunurdu, elə müəyyən olunurdu. Onlar üçün də xüsusi çadır qurulmuşdu. Samovar qaynayırdı, çay və yüngül yemək, şirniyyat verilirdi.

Ucar rayonundan oğulları itkin düşən valideynlər də gəlibmiş bura. Burda tapıblarmış oğullarını. Əvvəl ata şəhidlərin nəşi olan təşrihxanaya (morq) girib. Ana inanmaq istəmirmiş oğlunun yoxluğuna. Onun “Burda yoxdu, hə?” sualına ata elə beləcə də cavab verib: “Heç hara baxma. Sağdan dördüncü sənin oğlundur”.

Vüqar deyir ki, bütün şəhidlər kəfənləyib yola salıblar.

- Bəzən Beyləqan məscidinə aparırdıq. Biz bu günlər ərzində bir həqiqətin də şahidi olduq: Bir atanın belinin əyildiyini görmədik. Ağır idi, övlad itirmişdilər. Amma sınmamışdılar.

Bu yerdə bir maraqlı bir məqamdan da söz açaq. Cəbhədən ağır yaralı bir əsgər gətirilibmiş. Əməliyyatdan sonra reanimasiyada imiş. Hələ yeni özünə gəlibmiş. Tibb bacılarının birindən telefon istəyir. Atasıyla danışmaq üçün.

- Ata, necəsiz? Nə edirsiz? Salamatçılıqdı? Hər şey yaxşıdı?

- A bala, sən kimsən?

- Oğlunam da, tanımırsan?

- Nə oğul? Mənim oğlumun bu gün üçüdür. Üç gün əvvəl oğlumu basdırmışam. Oğlum şəhid olub.

- Ata, nə üç? Mənəm, ölən oğlun, sağam.

Bundan sonra...

Atanın ürəyi getmişdi...

Mərkəz isə sevinc içində...

 

Füzuli-Bakı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 182928
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar