Dünən Nyu-York Fond Birjasında keçirilən hərracların nəticələrinə əsasən, dünyanın ən varlı 500 nəfərinin ümumi sərvəti rekord həddə artaraq 336 milyard dollar yüksəlib. Beləliklə, onların ümumi kapitalı tarixdə ilk dəfə 13,3 trilyon dollara çatıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, günün əsas qalibi isə amerikalı sahibkar, Elon Musk olub.
Onun sərvəti cəmi bir gün ərzində 164 milyard dollar artıb. Bu göstərici reytinqdə yer alan digər 499 milyarderin ümumi qazancına demək olar ki, bərabər olub.
Məlumata görə, Muskın sərvəti 10 faizdən çox yüksələrək 1,27 trilyon dollara çatıb. O, 2026-cı il iyunun 12-də dünya tarixində ilk trilyoner kimi qeydə alınıb. Onun ən yaxın rəqibi, Larry Page isə təxminən 1 trilyon dollar fərqlə geridə qalıb.
Milyarderlərin sərvətindəki rekord artımın əsas səbəbi SpaceX-in rəsmi saytı şirkətinin ötən həftə baş tutan rekord həcmli ilkin kütləvi səhm yerləşdirməsi (IPO) olub.
Şirkət hər biri 135 dollar dəyərində 555,56 milyon səhm yerləşdirib. IPO-nun ümumi həcmi 75 milyard dollar təşkil edib ki, bu da tarixdə ən böyük səhm yerləşdirməsi hesab olunur. Bununla da 2019-cu ildə 29 milyard dollarlıq rekord müəyyənləşdirən Saudi Aramco geridə qalıb.
İlk ticarət günündə SpaceX səhmləri 19,2 faiz bahalaşıb. Nəticədə şirkətin bazar dəyəri 2,1 trilyon dolları ötərək ABŞ-ın ən böyük altı açıq səhmdar cəmiyyətindən birinə çevrilib. IPO-dan sonra SpaceX-in bazar kapitallaşması daha 20 faiz artıb.
Ekspertlərin fikrincə, bazarlardakı müsbət dinamikanı gücləndirən digər amil ABŞ və İran arasında Hörmüz boğazının açılması ilə bağlı ilkin razılaşmanın əldə olunması olub.
İnvestorların optimizmi nəticəsində Dow Jones sənaye indeksi rekord səviyyəyə yüksəlib, Nasdaq 100 və MSCI World Index isə tarixi maksimumlara yaxın göstəricilərlə ticarəti başa vurub.
Bloomberg Billionaires Index-in məlumatına əsasən, hazırda dünyanın ən varlı 50 milyarderi ümumilikdə 6,5 trilyon dollarlıq sərvətə nəzarət edir. Bu rəqəm siyahının qalan 450 iştirakçısının birlikdə malik olduğu 6,8 trilyon dollara demək olar ki, bərabərdir.
Eyni zamanda, dünyanın ən varlı 500 nəfəri siyahısına daxil olmaq üçün tələb olunan minimum sərvət də rekord həddə yüksəlib. Hazırda reytinqin son pillələrində qərarlaşan 12 nəfərin hər biri ən azı 7,9 milyard dollar sərvətə malikdir.