ABŞ-də istifadə olunan yeni süni intellekt texnologiyası mənzilin daxilində çəkilmiş adi foto əsasında onun harada yerləşdiyini müəyyən edə bilir. Hətta bunun üçün paltaryuyan maşının və ya quruducunun şəkli belə kifayət edə bilər.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-də polis əməkdaşları artıq cinayətlərin araşdırılması zamanı müxtəlif süni intellekt alətlərindən istifadə edirlər. Lakin yeni texnologiyaların imkanları elmi fantastika filmlərini xatırladır. Los-Anceles Polis Departamenti və Mayami-Deyd dairəsinin Şerif İdarəsi “Raven” adlı süni intellekt sistemindən istifadə edir.
Bu proqram müstəntiqlərə mənzilin daxilində çəkilmiş foto əsasında həmin yaşayış yerinin ünvanını müəyyənləşdirməyə kömək edir. Bununla belə, texnologiyanın imkanları hələlik məhduddur. Sistem dünyanın istənilən yerində yerləşən evi bir düymə ilə tapa bilmir.
Paltaryuyan maşının fotosu ünvanı necə üzə çıxarır?
“Raven” əsasən internetdə kirayə elanları yerləşdirilən mənzilləri müəyyən edə bilir. Buraya “Airbnb” və “Vrbo” kimi platformalarda təqdim olunan yaşayış yerləri daxildir. “Graylark” şirkətinin baş direktoru Daniel Haynen “LinkedIn” hesabında proqramın imkanları barədə məlumat verib.
Onun sözlərinə görə, bəzi hallarda mənzili müəyyənləşdirmək üçün paltaryuyan maşının və ya paltarqurudanın fotosu belə kifayət edir. Süni intellekt şəkildə görünən xarakterik detalları internetdə yerləşdirilmiş daşınmaz əmlak fotoları ilə müqayisə edir. Proqram müxtəlif bucaqlardan çəkilmiş şəkillər arasında belə oxşarlıqları aşkar edə bilir. Bu xüsusiyyət onu adi şəkil axtarışı sistemlərindən fərqləndirir.
Texnologiya nə üçün istifadə olunur?
Qısamüddətli kirayəyə verilən mənzillər bəzən insan alveri və istismar cinayətlərinin törədildiyi məkanlara çevrilə bilər. “Raven” proqramını hazırlayan şirkət bildirir ki, texnologiyanın əsas məqsədi məhz belə cinayətlərin araşdırılmasına kömək etməkdir. Lakin yeni sistem şəxsi məlumatların qorunması ilə bağlı ciddi narahatlıqlar da yaradıb.
“Airbnb” nümayəndələri açıqlayıblar ki, platformadakı məlumatların avtomatik toplanmasını texniki vasitələrlə məhdudlaşdırmağa çalışırlar. Şirkət bu cür məlumat toplama üsullarının qanuniliyini də araşdırır.
“Zillow” platformasının nümayəndələri isə bildiriblər ki, saytdan avtomatlaşdırılmış şəkildə məlumatların götürülməsi onların istifadə qaydalarını açıq şəkildə pozur.
Bu səbəbdən şirkət mümkün hüquqi addımları, o cümlədən məhkəməyə müraciət etməyi nəzərdən keçirir. Mütəxəssislərin diqqət çəkdiyi əsas məqam isə ondan ibarətdir ki, süni intellektin inkişafı ilə evin daxilində çəkilmiş adi foto belə yerləşmə yerinin müəyyənləşdirilməsi üçün mühüm məlumat mənbəyinə çevrilə bilər.