"Uzaqdan görürdük ki, “Ambulans” gəlir. Mərkəzin həyəti də elədi ki, “Ambulans” ya morqa tərəf dönəcəkdi, ya da qəbul şöbəsinə. Qəbul şöbəsinə tərəf dönəndə sevincdən qışqırırdıq ki, çox şükür, şəhid deyil”.
Nicat danışır bunları Lent.az-a. 44 gün Füzuli Müalicə-Diaqnostika Mərkəzində Vətən müharibəsinin görünməyən tərəfinin qəhrəmanlarından biri.
Hə, sözün həqiqi mənasında qəhrəmanlarından.
Düz 44 gün bu xəstəxanaya yaralı, şəhid daşınıb.
Düz 44 gün altı yüzə yaxın həkim, tibb işçisi ölüm-dirim mübarizəsi aparıb bu Mərkəzdə. 44 gün yüzlərlə yaralını qəbul edib bu Mərkəz.
Düz 44 gün 113 “Ambulans” 24 saat dayanmadan işlədi. Cəbhə xəttində bir yaralını da köməksiz qoymadı.
44 gün ərzində neçə şəhidi qarşıladı, onların son ünvanı oldu.
Və nəhayət, 44 gün Böyük Bəhmənli kəndi bu Mərkəzlə nəfəs aldı, yaşadı. Bu kəndin camaatı həkimlik, tibb bacılığı, sürücülük, aşpazlıq, xadiməlik etdi könüllü şəkildə. Düz 44 gün.
Biz 44 gün Mərkəzdə nələrin, hansı dramın yaşandığına qayıdacağıq. Nicatla söhbət edirdik axı. O Nicat ki, elə həmin kənddə “Amin” adlı kiçik bir aptek işlədirmiş. Sentyabrın 27-də, müharibə başlayan gün isə…
- Səhər tezdən mənə zəng etdilər ki, bəzi dərmanlar, şprislər lazımdır. Mən də aptekdə nə var, yığdım maşınıma, apardım. Məlum oldu ki, yenə dərmanlara ehtiyac var. Düzü, çaxnaşma düşmüşdü burda. O buna zəng edir, bu ona zəng edir. Dayanmaq olmazdı. Getdim Beyləqanda tanış apteklərdən yığıb gətirdim. Hamı da təmənnasız verdi, sağ olsunlar. Sonra yenə getdim. Qonşu rayonlardakı tanıdığım aptek sahibləri kim nəyi bacarırdısa, kömək edirdi. İki-üç gündən sonra yaralıların sayı artmağa başladı. Mən daha heç hara gedə bilməzdim. Qaldım burda müharibənin sonunadək…
İlk günlər doğrudan da çətin olub. Mərkəzin könüllüsü olmuş Vüqar Abbasəli danışır ki, ilk günlər çarpayı, yorğan-döşək çatışmırdı. Kənd camaatı evdən daşıyıb gətirirdi. Amma ən qısa müddətdə TƏBİB bu problemi də həll etdi.
- İnsanlar Mərkəzdən əl çəkmirdilər. Hərə öz köməyini təklif edirdi. Hamı imkanı daxilində evində nə var, gətirirdi. Kiminsə yardımını götürməyəndə inciyirdi. Uşaqlar vardı, deyirdi ki, qurban olum, mənim əlimdən başqa bir iş gəlmir, icazə verin, əsgərin yatağını təmizləyim, paltarını yuyum. Deyirdik, bunun üçün tibb personalı var. Yenə də dinc durmurdular. Təsəvvür edin, yaralı çox bütün şöbələrimizdə, hətta doğum şöbəsində belə, dəhlizlərdə belə çarpayılar qoyulub. Sistem qoymaq üçün ştativlər çatışmır. İnsanlar qollarını ya açıb “sistem ştativliyi” edirdilər. Sistem balonları onların qollarından asılırdı, neçə saat…
Bu yerdə susur Vüqar. Elə Nicat da. Biz də… Bəlkə də sizə qəribə gələr, həmsöhbətlərim danışdıqca adamın gözündə kino lenti keçir sanki. Hə, film kimi. Azərbaycan insanı nə böyük imiş! Azərbaycan əsgəri nə böyük imiş!
- “Ambulans” sürücüləri demək olar ki, yatmırdılar. Elə olub, bir gündə üç dəfə Bakıya göndərmişəm sürücünü. Dördüncü dəfə yollayanda deyirdi ki, mən artıq ölürəm, gözüm yolu seçmir. On nəfər kənd sakini yalvardı ki, nə olar, qurban olum, qoy mən sürüm maşını. Öz maşınlarıyla gəlirdilər ki, təcili yardım kimi istifadə edin. Hə, bir “Ambulans” maşınımız da vuruldu, şəhidimiz oldu. Uzaqdan görürdük ki, “Ambulans” gəlir. Həyətə girəndə ya morqa dönəcəkdi, ya da qəbul şöbəsinə. Qəbul şöbəsinə dönəndə hamı sevincdən qışqırırdı ki, çox şükür, şəhid deyil.
Bunu da Nicat deyir. Maraqlısı həm də bilirsinizmi nədir? Bu 113 “Ambulans”ı idarə etmək, onların fəaliyyətini koordinə etmək - kim hardadı, hansı cəbhədədi, döyüşlərin getdiyi hansı kənddədi. Müharibə bu insanlara hər şeyi öyrətdi bu 44 gündə. Seyfəddin adlı adi camaşırxana müdiri minlərlə əsgərin həyatını xilas edən bu “Ambulans”ları zərgər dəqiqliyi ilə idarə edirmiş. Elə Nicat kimi heç bir səriştəsi olmayan adamlar elə fədakarlıqlar göstəriblər, sanki illərdi bu peşənin yiyəsidirlər.
Vüqar danışır:
- Bir də görürdün, bir yaralı qışqırır ki, “oksigenim yoxdu”. Kimsə gedib onun aparatını qoşurdu. Naqilləri birləşdirirdi. Bakıdan könüllü gələn həkimlər mat qalırdılar. Deyirdilər bu adamlar bunu necə bacarır? Tibbi təhsilləri var? Deyirdik, yox, müharibə öyrətdi. Müharibə bizə çox şeyləri öyrətdi...
Həkimlərdən söz düşmüşkən, 600-ə yaxın həkim və tibb bacısı gecə-gündüz mücadilə aparıb 44 gün. İlk üç gündə yaralı sayı çox imiş. Qısa müddətdə Azərbaycanın müxtəlif yerlərindən yüzlərlə həkim gəldi könüllü.
- Türkiyədə yaşayan həmkəndlimiz var, Elnurə xanım. Həkimdi. Öz həyat yoldaşıyla gəlmişdi. Bir ay xəstəxanadan çıxmadı. Anar həkim var idi. “Ambulans” həkimlərindən biri. Hadrutda evlərdən birini özünə məntəqə seçmişdi. Güllənin, mərminin altında yaralılara ilkin tibbi yardım göstərirdi. Tibb bacıları... Nə ev üzü görürdülər, nə eşik. Ay yarım burda təkcə tibb bacılığı eləmirdilər. Yaralılara ana, bacı idilər. Bir maraqlı fakt deyim. Hərdən yadıma düşəndə kövrəlirəm də. Təsəvvür edin, tibb bacalarının hamısının cibində 3-4 qutu siqaret və alışqan olurdu. Bir də görürdün, yaralılardan biri çağırır: “Mənə siqaret yandır”. Həmin qız da, gəlin də siqareti ağzına qoyub bir-iki qullab vurub, alışdırıb verirdi əsgərə. Hamısının üstündən siqaret iyi gəlirdi…
Vüqar deyir ki, həkimlərin dincəlməsi, yatması üçün demək olar ki, yer yox idi.
- Elə həkim var idi, 12 saat əməliyyatda olurdu. Çıxırdı, o biri əməliyyata girirdi. Bəhmənlidə hamı öz evini təklif edirdi həkimlərə. Qulluğunda dururdu. Paltarını yuyurdu, yeməyini əsirgəmirdi. Hamı bilirdi ki, əsgərin, zabitin taleyi bu adamlardan asılıdı. Bilirsiniz, xəstələrin çoxu qəbul şöbəsinə gətirilirdi. Ora mini reanimasiya kimi idi. İlkin yardımlar, kiçik əməliyyatlar orada aparılırdı. Orada, kiçik otaqda eyni vaxtda 15-20 cərrah olurdu. Bu, 15-20 əməliyyat deməkdi. Güllə çıxarmaq, kiçik tikişlər atmaq işləri orada gedirdi.
Mərkəzin direktoru Şaiq Şükürov deyir ki, 44 gün ərzində 900-ə yaxın personal qəhrəmancasına gecə-gündüz çalışdı. “Bu günlər ərzində həkimlərimiz 500-ə yaxın cərrahi əməliyyat etdi. Onlardan 60-ı beyin əməliyyatı idi. Hər şey, tibbi personaldan tutmuş, dərman təminatınacan yüksək səviyyədə təşkil olunmuşdu. İndinin özündə belə on minlərlə manatlıq dərman ehtiyatımız qalıb, TƏBİB-ə qaytaracağıq”.
Yüzlərlə yaralı gəlib keçib bu Mərkəzdən. Nicat, həmin bu Nicat həmin yaralıların təyinatı üzrə hara göndərilməsini həll edib.
- Yanıq yarası olanlar Saatlıya gedirdi. Orada müalicə olunurdu. Tibbi yardım göstərilirdi. Sonra ordan göndərilirdi 5 nömrəliyə. Göz problemləri olan xəstələr bir başqa yerə. Orda çətinlik yaranan kimi Bakıya, Zərifə Əliyeva adına klinikaya. Yevlax zonasına əsasən, sınıqları olan, travmatoloji yaralılar göndərilirdi. Onları Bakıya göndərməyə ehtiyac qalmırdı. Orda güclü həkimlər var idi, o işi görürdülər. Yaralıların az qala hamısını xatırlayıram. Təsəvvür edin, iş o qədər çox idi ki, həkimlər bəzən vaxt azlığından çatdıra bilmirdilər. Bəzən epikrizləri oxuyub qərar vermək məcburiyyətində qalırdım. Mən, heç bir tibb təhsili olmayan biri. Bəzən həftənin gülərini belə itirirdim. Yadımdadı, bir dəfə günorta yeməkxanaya girdim. Aşpaz xanım dedi ki, neçə vaxtdı haradasan? Özüm donub qaldım. Yadıma düşdü ki, iki gündür yemək yemirəm. Elə oğullarımız var idi ki, yaralı idi və dörd-beş nəfərin gücü çatmırdı onu qaldırıb xərəyə qoysun. Amma sanki Allah bizə güc vermişdi. Bir ağır yaralımız gəlmişdi, xüsusi təyinatlı idi. Ayağından yara almışdı. Tibb bacısı bunun çəkmələrinin ipini açmaq istəyəndə qoymadı. Dedi, Azərbaycan xanımı çəkmə ipi açmaz. Həmin qadın bu sözdən sonra hönkür-hönkür ağladı. Yaralılar olurdu ki, geri qayıtmaq üçün yalvarırdılar. “Qurban olum, əl vurma, burdakılara da bir söz demə, geri qayıdım”. Deyirdik ki, sənin yarandan qan axır, necə göndərək? Deyirdi, imkan yarat, qaçım...
Sabah Lent.az-da oxuyacaqsınız:
- Əsgərlər həkimlərlə niyə dalaşırdı?
- Yaralı əsgər atasına zəng etdi, məlum oldu ki...
- “Şəhidlərin hamısını bu cür kəfənləyib, yola salırdıq”
- O qədər yaralıdan bircə nəfəri...
- “Ambulans”da gizlənən əsgər hara qaçmaq istəyirdi?
Füzuli-Bakı