Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən "Beniz" ləqəbli tiktoker Aybəniz Xəlilovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Lent.az xəbər verir ki, məhkəmə şahid ifadəsi ilə davam edib.
Məhkəmə şahid İ.Z -nin istintaq zamanı verdiyi ifadəni elan edib:
"Mənim Xalid Kərimovla yaxın dostluq, ailəvi münasibətimiz olub. Əmim onun atası ilə dost olub. Mən də onun mebel sexində satış meneceri işləmişəm. Onu çox qayğılı, fikirli görürdüm, əvvəlki işgüzarlığı azalmışdı. 2015- ci ildə məndən borc istədi, mən də heç bir səbəb soruşmadan istədiyi məbləği ona verdim. Sonra çox keçmədən 15 000 manat istədi. Ondan nə olduğunu soruşdum. Xalid Aybəniz adlı qadın tərəfindən şantaj olunduğunu bildirdi. Dedi ki, Aybəniz ona istədiyi məbləği verməzsə, münasibətlərinin olmasını xəbər verib onu ailəsinin qarşısında biabır edəcəyi ilə hədələyir. Xalid, hətta Aybənizin onun uşaqlarını izlədiyini və bundan çox narahat olduğunu deyirdi".
Şahid İ.Z ifadədə göstərilənləri demədiyini, ifadəni oxumadan qol çəkdiyini deyib. Növbəti proses digər şahidlərin məcburi gətiriləcəyi səbəbindən 30 iyun 14:45-a təyin olunub.
Xatırladaq ki, X.Kərimov adlı şəxs A.Xəlilova barəsində Suraxanı Rayon Polis İdarəsinə şikayət edib. Şikayətçi ərizəsində göstərib ki, A.Xəlilova ondan hissə-hissə olmaqla, 836 min manat pul tələb edib.
Tiktoker barəsində cinayət işi başlanıb.
A.Xəlilovaya qarşı Cinayət Məcəlləsinin 182.3.2 və 211.3-cü maddələri üzrə ittiham irəli sürülüb.