Cəlilabad Müalicə Diaqnostika Mərkəzində açıq ürək əməliyyatları keçirilməsinə başlanıb
20 iyun 2011 14:31 (UTC +04:00)

Cəlilabad Müalicə Diaqnostika Mərkəzində açıq ürək əməliyyatları keçirilməsinə başlanıb

Heydər Əliyev Fondunun təşəbbüsü, ARDNŞ-in dəstəyi ilə keçirilən növbəti humanitar aksiya çərçivəsində Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) yüksək ixtisaslı həkimlərdən ibarət kardiocərrahiyyə briqadası iyunun 20-dən Cəlilabad Müalicə Diaqnostika Mərkəzində açıq ürək əməliyyatlarına başlayıb. ARDNŞ-in Sosial İnkişaf İdarəsinin mətbuat xidmətinin rəisi Emrah Fəqanoğlunun Lent.az-a verdiyi məlumata görə, bölgədə ilk dəfə olaraq tətbiq olunan bu əməliyyatlar ümumilikdə 11 nəfəri əhatə edəcək.

Onların 8-i anadangəlmə ürək qüsurundan əziyyət çəkən, uzun illər müalicəsi aparılmayan xəstələrdir. Əməliyyatların icrasına MNX-nın Ürək-Damar Xəstəlikləri Mərkəzinin rəhbəri, tibb elmləri namizədi Rəşad Mahmudov rəhbərlik edir. Əməliyyat olunacaq şəxslər arasında anadangəlmə ürək qüsuru ilə doğulan uşaqlar da var. 6 günlük aksiyanın proqramında Cəlilabad MDM-də “Ürək-damar xəstəliklərinin müalicəsinin bu günü və gələcəyi” mövzusunda telekörpü ilə canlı konfrans da yer alır. İyunun 22-də regionlar üzrə ilk dəfə olaraq keçiriləcək tədbir ARDNŞ və Azərbaycan Kardiovaskulyar Cərrahlar Assosiasiyasının birgə təşkilatçılığı ılə baş tutacaq. Bu elmi-praktiki toplantıya xaricdən dəvət olunmuş tanınmış mütəxəssislər, bütün regional Müalicə Diaqnostika Mərkəzlərinin və digər səhiyyə müəssisələrinin həkim-kardioloqları qatılacaqlar.

Konfransda ürək və damar xəstəliklərinin ayrı-ayrı aspektlərdən tədqiqinə dair müxtəlif maraqlı məruzələr təqdim olunacaq. Konfransın sədri, Azərbaycan Kardiovaskulyar Cərrahlar Assosiasiyasının və MNX-nın Ürək-Damar Xəstəlikləri Mərkəzinin (ÜDXM) rəhbəri Rəşad Mahmudov deyib ki, konfrans zamanı açıq ürək əməliyyatının həyata keçirildiyi əməliyyatxanadan görüntülər birbaşa zalda quraşdırılmış monitorlara ötürüləcək və konfrans iştirakçıları əməliyyatı icra edən cərrahlarla sual-cavab aparmaq imkanına malik olacaqlar. Bununla da regionlar üzrə ilk dəfə olaraq anadangəlmə ürək qüsurunun əməliyyatxanadan canlı tədrisi gerçəkləşdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1432

Oxşar yazılar