Bakıda qabaqcıl texnologiyalar üzrə Peşə Tədris Mərkəzi yaradılacaq
07 iyun 2011 18:06 (UTC +04:00)

Bakıda qabaqcıl texnologiyalar üzrə Peşə Tədris Mərkəzi yaradılacaq

Bu gün təhsil naziri Misir Mərdanov Koreya Respublikasının İdxal və İxracat Bankının Cənub-Qərbi Asiya qrupunun rəhbəri Janq-su Junun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Lent.az-ın Təhsil Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycanla Koreya arasında mövcud olan əlaqələrdən söz açan Misir Mərdanov təhsil sahəsində də yaradılmış əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını nəzərə çatdırıb.


Təhsil naziri Cənubi Koreyanın “DAEWOO” Şirkəti ilə Təhsil Nazirliyi arasında imzalanmış memoranduma əsasən Bakı şəhərində “Qabaqcıl texnologiyalar üzrə Peşə Tədris Mərkəzinin yaradılması” layihəsi üzrə işlərin artıq yekun mərhələdə olduğunu söyləyib. Misir Mərdanov Azərbaycanın peşə təhsili sisteminin müasir standartlar səviyyəsində təşkili və yaxın gələcəkdə sənaye müəssisələrinin ixtisaslı kadrlarla təmin edilməsi baxımından yaradılacaq Peşə Tədris Mərkəzinin xüsusi rolu olacağını vurğulayıb. Təhsil naziri layihənin əhəmiyyətini və vacibliyini vurğulayaraq müvafiq sahədə aparılan işlərdən razılığını ifadə edib.


Koreya Respublikasının İdxal və İxracat Bankının Cənub-Qərbi Asiya qrupunun rəhbəri Janq-su Jun layihəyə göstərilən maraq və diqqətə görə təhsil naziri Misir Mərdanova minnətdarlığını bildirib. Janq-su Jun koreyalı mütəxəssislərin müvafiq layihənin həyata keçirilməsi üzrə Azərbaycana bir neçə dəfə səfər etdiklərini və inşa ediləcək tədris kompleksi ilə bağlı ətraflı təhlillər aparıldığını nəzərə çatdırıb. Layihənin reallaşdırılması istiqamətində bir sıra müvafiq qurumlarda görüşlər keçiriləcəyini diqqətə çatdıran Janq-su Jun çıxışında bununla əlaqədar imzalanacaq müqavilə üzrə məsələlərə də toxunub, lazımi dəstək göstərməyə hazır olduqlarını dilə gətirib.


Təhsil naziri Misir Mərdanov layihənin uğurla həyata keçirilməsinə böyük önəm verdiyini qeyd edərək, göstərilən dəstəyə görə qonaqlara təşəkkürünü bildirib. Görüşdə “Qabaqcıl texnologiyalar üzrə Peşə Tədris Mərkəzinin yaradılması” layihəsinin reallaşdırılmasının iki ölkə arasında mövcud olan əlaqələrin inkişafına əlverişli zəmin yaradacağı vurğulanıb, müvafiq layihə üzrə imzalanacaq müqavilə sənədinin əhəmiyyəti nəzərə çatdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 529

Oxşar yazılar