Azərbaycanda inzibati və rəsmi statistikanın sərhədləri müəyyənləşməyib
26 may 2011 12:34 (UTC +04:00)

Azərbaycanda inzibati və rəsmi statistikanın sərhədləri müəyyənləşməyib

Lent.az-ın məlumatına görə, bu gün Dövlət Statistika Komitəsində qlobal qiymətləndirmənin nəticələri ilə bağlı mətbuat konfransı təşkil olunub.

Komitə sədri Arif Vəliyev bildirib ki, qlobal qiymətləndirmə 6 ekspert tərəfindən 2 missiya zamanı reallaşdırılıb. Ekspertlər arasında BMT-nin İnkişaf Fondu, Dünya Bankının Azərbaycandakı nümayəndələri, Azərbaycan Dövlət İqtisad Universiteti, Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu, İqtisadi İnkişaf Nazirliyi, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu, 18 nazirlik, komitə və bank, 5 KİV, 5 yerli statistika orqanının nümayəndələri var. Onlar statistika şurasının üzvləri ilə müzakirələr aparıblar. Qiymətləndirmənin yekunu 390 maddədə əksini tapıb. Bu maddələrdən 319-u müsbət işlərə və Dövlət Statistika Komitəsinin gördüyü işlər içərisinə, 17-si (4,4 faizi) müsbət işlərlə yanaşı, həmin sahələrdə olan çatışmazlıqlara, 7-si (1,8 faizi) nöqsanlara, 47-si (12 faizi) tövsiyələrə həsr olunub.

Hesabatın mətni Dövlət Statistika Komitəsinin və AvroStatın rəsmi internet səhifəsində yerləşdirilib. Qiymətləndirmədə çatışmazlıq kimi Azərbaycan qanunvericiliyində inzibati və rəsmi statistikanın sərhədlərinin müəyyən olunmadığı vurğulanıb. Azərbaycan qanunvericiliyində inzibati statistika rəsmi statistikaya aid edilmir. Beynəlxalq ekspertlər isə hesab edirlər ki, inzibati statistika rəsmi statistikaya daxil edilməlidir. Nöqsanlar sırasında Dövlət Statistika Komitəsinin işçilərinin xarici dili yetərincə bilməmələri də qeyd olunub.

Ramiz MİKAYILOĞLU
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 464

Oxşar yazılar