BAXCP bütün siyasi qüvvələri moratoriuma çağırdı
23 may 2011 13:08 (UTC +04:00)

BAXCP bütün siyasi qüvvələri moratoriuma çağırdı

Mayın 23-də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub.

BAXCP İdarə Heyətinin müzakirəsinə çıxarılan ilk məsələ 2012-ci ildə ölkənin paytaxtında keiriləcək "Eurovision-2012" mahnı müsabiqəsilə bağlı olub.

Azərbaycan təmsilçilərinin "Eurovision-2011" mahnı müsabiqəsində qələbə qazanmalarını yüksək dəyərləndirən BAXCP İdarə Heyətinin bununla bağlı qəbul etdiyi açıqlamada deyilir: "Azərbaycan təmsilçilərinin "Eurovision-2011" mahnı müsabiqəsində qazandıqları uğur qəlbində Azərbaycan sevgisi daşıyan bütün insanlar kimi bizi də sevindirir. Bu qələbəni təkcə xalqımızın musiqi mədəniyyətinin təbliği üçün deyil, bütövlükdə Azərbaycanla bağlı həqiqətlərin dünyaya çatdırılması baxımından da mühüm hadisə kimi dəyərləndiririk. Ola bilsin ki, bu kimi müsabiqələrdə əldə olunan qələbə bir sıra ölkələr, o cümlədən sonuncu yarışmanın keçirildiyi Almaniya üçün bir o qədər də mühüm əhəmiyyət kəsb etmir. Amma torpaqlarının 20 faizi işğal altında olan, sərhəd tanımayan erməni yalanları və ikili standartlarla üz-üzə qalan Azərbaycan üçün "Eurovision-2011" mahnı müsabiqəsində qazanılan uğur və nəticədə "Eurovision-2012" müsabiqəsinə ev sahibliyi etmək hüququnun əldə olunması müstəsna önəm daşıyır".

BAXCP İdarə Heyəti hesab edir ki, "Eurovision-2012" mahnı müsabiqəsinin yüksək səviyyədə təşkili və keçirilməsi Azərbaycan üçün bir sıra istiqamətlərdə yeni və geniş perspektivlər aça bilər: "Bu baxımdan "Eurovision-2012" müsabiqəsinin Bakıda keçirilməsinə böyük bir mədəni-tarixi hadisə kimi yanaşır və ölkənin bütün siyasi qüvvələrini bu hadisəyə məsuliyyətlə yanaşmağa çağırırıq. BAXCP İdarə Heyəti hesab edir ki, "Eurovision-2012" mahnı müsabiqəsi başa çatanadək bütün siyasi qüvvələr ölkədə gərginlik yarada biləcək davranışlara yol verməməli və bir il müddətinə zorakılığa, qarşıdurmalara, həbslərə yol açacaq bütün razılaşdırılmamış aksiyalara moratorium qoymalıdırlar: “Biz nəyin bahasına olursa-olsun "Eurovision-2012" müsabiqəsinin Azərbaycanda keçirilməsindən əndişələnən və ölkəmizin əleyhinə bütün istiqamətlərdə qara piar kampaniyası aparmaqla müsabiqənin gətirə biləcəyi pozitiv dividendlərin üzərinə öncədən kölgə salmağa çalışan xarici qüvvələrə qarşı vahid mövqedə dayanmalı, müsabiqənin yüksək səviyyədə təşkilinə və keçirilməsinə öz töhfəmizi verməliyik".

BAXCP İdarə Heyətinin müzakirəyə çıxarılan digər məsələ isə partiyanın Ali Məclisinin növbəti sessiyasının keçirilməsilə bağlı olub. İdarə Heyətinin qərarına əsasən, BAXCP Ali Məclisinin növbəti sessiyası iyunun 11-də, partiyanın mərkəzi mənzil-qərargahında keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 569

Oxşar yazılar