“Şəfəq” qəzetinin 90 illik yubileyi qeyd olunub
26 aprel 2011 19:02 (UTC +04:00)

“Şəfəq” qəzetinin 90 illik yubileyi qeyd olunub

Mətbuat Şurasından Lent.az-a verilən məlumata görə, mərasim iştirakçıları Heydər Əliyevin Qubanın mərkəzində ucaldılmış abidəsini ziyarət edərək üzərinə tər çiçəklər düzüblər.

Rayon Mədəniyyət Evində baş tutan toplantı öncəsi mərasimə qatılanlar burada “Şəfəq” qəzetinin müxtəlif illərdəki fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar. Yubiley tədbirini Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Sahib Məmmədov açıb. Sahib Məmmədov deyib ki, əsası Həsən bəy Zərdabi ilə qoyulan Azərbaycan mətbuatı tarixi ötən hər bir ildə yeni-yeni keyfiyyət göstəriciləri əldə edib və bunlar özünü bölgə nəşrlərinin timsalında da göstərir: “Bu baxımdan “Şəfəq” qəzetinin özünəməxsus yeri və rolu var. Müxtəlif adlarla nəşr olunan qəzet özünəməxsus dəst-xətti ilə seçilib. Hadisə və proseslərə daim peşəkar yanaşma tərzi nümayiş etdirib. Bütün bunlar nəşrə rayon sakinlərinin rəğbətini qazandırıb. Fərəhləndirici haldır ki, keçən ilin mart ayında qəzetin 8000-ci nömrəsi çapdan çıxıb. Müqayisə üçün bildirmək istəyirəm ki, respublikada heç bir rayon qəzeti hələ bu səviyyəyə çatmayıb”. Sahib Məmmədov Quba Rayon İcra Hakimiyyətinin diplom və hədiyyələrini “Şəfəq” qəzetinin baş redaktoru Qəhrəman Əliyevə təqdim edib. Nəşrə dövlət qurumu tərəfindən “Niva” markalı avtomobil də hədiyyə olunub.

Qəhrəman Əliyev 1921-ci ilin aprel ayından “Əxbar” adı ilə çıxan nəşrin müxtəlif illərdə “Yeni dirilik”, “Kollektivləşmə yolu”, “Qızıl Quba”, “Quba” adları ilə fəaliyyət göstərdiyini nəzərə çatdırıb: “Lakin bu illər ərzində dəyişən yalnız adlar olub. Öz çoxillik təcrübəsinə arxalanan “Şəfəq” yüzlərlə jurnalist kadrları yetişdirib və bölgədə həmişə flaqman rolunu oynayıb, qonşu rayonlarda mətbuatın inkişafına hərtərəfli kömək göstərib. “Şəfəq”in hazırda Quba Rayon İcra Hakimiyyəti və jurnalist kollektivinin təsisçiliyi ilə işıq üzü görür”.

Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, “Şəfəq” Azərbaycanda ilk bölgə qəzeti adını şərəflə qoruyan kütləvi informasiya vasitəsidir. Mətbuat Şurasının sədri mətbu orqanın təkcə Quba rayonunda deyil, ümumilikdə bölgədə ictimai fikrin formalaşmasında oynadığı rola diqqət çəkib. “Biz bu gün Azərbaycanın ilk jurnalisti olan Abbasqulu ağa Bakıxanovun doğma yurdundayıq. O, Azərbaycanın iki hissəyə bölündüyü çətin bir məqamda “Tiflisskie vedomosti” qəzetində məzmunlu yazılarla çıxış edib. Sonradan bu nəşr “Tiflis əxbarı” adı ilə fəaliyyət göstərdi. 1841-ci ildən nəşrə başlayan “Zaqafqazskiy vestnik”də də onun əsərləri çap olundu. Belə elmi nümunələrin çapı ənənəsi “Şəfəq” qəzetinin timsalında bölgə nəşrlərinə də sirayət etdi. Bu, olduqca vacib məqam idi. “Şəfəq” indi də ənənələrinə sadiqdir. Qəzetin əməkdaşlarının illər ərzində “Əməkdar jurnalist” adına, müxtəlif dövlət təltiflərinə layiq görülmələri nəşrin formalaşmış yüksək imicinin bəhrəsidir”.
Əflatun Amaşov Mətbuat Şurasının təbrik paketini və qurumun press-kartlarını “Şəfəq” qəzetinin baş redaktoru Qəhrəman Əliyevə təqdim edib.


Mətbuat Şurası İdarə Heyətinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı çıxışında bölgə qəzetlərinin fəaliyyəti ilə bağlı beynəlxalq təcrübədən söhbət açıb. O bildirib ki, bu tip media orqanları yerlərdə ictimaи rəyin formalaşmasında aktiv rol oynayırlar: Elçin Şıxlı “Şəfəq” qəzetinin əməkdaşlarına Azərbaycan Jurnalistlər Birliyinin fəxri diplomlarını təqdim edib.

Mətbuat Şurası İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qeyd edib ki, 90 yaşını qeyd edən “Şəfəq” qəzetinin yüksək səviyyəyə çatması böyük zəhmət tələb edən proses olub və bu işdə nəşrin hər bir əməkdaşının müstəsna payı var.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1382

Oxşar yazılar