Çadır qurub yol kəsənləri cərimə gözləyir
12 aprel 2011 18:41 (UTC +04:00)

Çadır qurub yol kəsənləri cərimə gözləyir

Bakının müxtəlif yerlərində xeyir-şər çadırlarının yolu kəsməsini hamı görüb. Çox vaxt belə çadırlar məhəllə daxilində, binaların həyətində və ya arasında qurulsa da, bəzən ən yaxşı yer kimi avtomobil yolları seçilir. Hətta bəzən piyadaların keçməsi üçün belə yarım metrlik məsafə saxlanılmır. Bu isə insanların - sürücü, piyada və sərnişinlərin haqlı narazılığına səbəb olur.

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi Kamran Əliyev isə Lent.az-a açıqlamasında vətəndaşların yollarda çadır qurması ilə əlaqədar mütləq onlara müraciət etməli olduqlarını deyir. K.Əliyevin sözlərinə görə, bu zaman rayonun müvafiq idarəsinə müraciət edilməli və icazə alınmalıdır. Əks halda, çadır quran şəxs İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə oluna bilərlər: “Məcəllənin 165-ci maddəsinə (yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi, yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi haqqında qəbul edilmiş qərarla müəyyənləşdirilmiş göstərişləri və ya qadağan edilməsi müddətlərini pozmağa və ya özbaşına yol hərəkətini müvəqqəti məhdudlaşdırmağa və ya qadağan etməyə görə) uyğun olaraq fiziki şəxslər 40 manatdan 50 manatadək, vəzifəli şəxslər 250 manatdan 300 manatadək, hüquqi şəxslər isə 500 manatdan 600 manatadək cərimə edilir”.

Qeyd edək ki, yollarda rast gəldiyimiz belə çadırlar daha çox yas mərasimləri ilə əlaqədar qurulur. Mərasim təşkilatçıları gecə saatlarında gediş-gəlişin olmadığı vaxt çadırı qururlar və səhər açılanda, hər kəs yolun artıq bağlı olduğunu görür. BDYPİ rəsmisi də məhz yas mərasimləri ilə əlaqədar, milli mənəvi dəyərləri əsas götürərək bəzən bu kimi hallara qarşı sərt tədbir görə bilmədiklərini dedi: “Həmin çadırı quran insanlar öz işləri ilə yanaşı başqalarını da düşünməlidir. Heç olmasa gediş-gəliş üçün müəyyən miqdarda yer qoymalıdırlar. Amma təəssüf ki, çox vaxt belə olmur. Biz bu məsələ ilə əlaqədar dəfələrlə vətəndaşlara, hətta Qafqaz Müsəlmanları İdarəsinə də müraciət etmişik”.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 714

Oxşar yazılar