Səhiyyə Nazirliyi 31 milyon manatı büdcəyə qaytarıb
21 may 2009 18:00 (UTC +04:00)

Səhiyyə Nazirliyi 31 milyon manatı büdcəyə qaytarıb

Xərclənməmiş vəsaitin ürək qüsuru olan şəxslərin müalicəsinə yönəldilməsi təklif olunur

Bəzi dövlət qurumları 2008-ci il dövlət büdcəsində onlara ayrılmış vəsaitlərin hamısı xərcləyə bilməyib. Bunların arasında həm iqtisadi təşkilatlar, həm də sosial qurumlar var. Həmin təşkilatların xərcləmədiyi vəsaitlərin hamısı yenidən büdcəyə qaytarılıb.

Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının üzvü Əli Məsimli Lent.az-a açıqlamasında bildirib ki, belə təşkilatlardan biri Səhiyyə Nazirliyidir. Belə ki, nazirlik ötən il büdcədə ona ayrılmış vəsaitlərin 31 milyon manatına qənaət edib.

Millət vəkili təklif edir ki, Səhiyyə Nazirliyinin büdcəsindən artıq qalan vəsait ürək qüsuru olan və böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin müalicəsinə yönəldilsin: “Azərbaycanda ürək qüsuru olan çoxlu xəstələr var ki, onlar xüsusi güzəştli kateqoriyalı vətəndaşların siyahısına daxil deyil. Halbuki, belə şəxslərin müqəddəratı bir neçə aydan və müəyyən məbləğdə puldan asılıdır. Lakin Azərbaycanda bu xəstələrin pulsuz əməliyyatına imkan yoxdur. Digər tərəfdən isə xaricdə və ya Azərbaycanın özündə xarici mütəxəssislər tərəfindən belə əməliyyatların qiyməti çox bahadır”.

Əli Məsimli deyir ki, martın 18-də keçirilən referendumda konstitusiyaya edilən dəyişikliklərdən biri sosial yönümlü bazar iqtisadiyyatına keçidi nəzərdə tutur. Onun sözlərinə görə, konstitusiyaya edilmiş bu bənd işləyəcəyi təqdirdə Səhiyyə Nazirliyinə ayrılan vəsaitdən qalan 31 milyon vəsait məhz ürək qüsuru olan şəxslərin müalicəsinə yönəldilməsi daha effektli olar.

“Hansısa müəssisə fəaliyyətini dayandıran zaman biz hamımız ona reaksiya veririk ki, işçilər işsiz qalacaq, məhsul istehsalı olmayacaq. Lakin müəssisə bir müddətdən sonra işə düşə bilər, insan ürəyi isə dayanandan sonra o insanın yaşaması mümkün deyil” - deyə, millət vəkili belə xəstələrə dövlət yardımının vacib olduğuna işarə edib.

Azərbaycanda ürək və böyrək əməliyyatların hələ də pullu olduğunu xatırladan Əli Məsimli ölkədə tibbi sığorta sisteminin işə düşməməsini də səhiyyənin ciddi qüsuru kimi xarakterizə edir. Onun sözlərinə görə, ürək və böyrək xəstəlikləri üzrə cərrahi əməliyyatlar üçün çox böyük pullar tələb olunur. Azərbaycanda vətəndaşların aldığı orta əmək haqqı isə bu xərclərin heç 1 faizini də ödəmir: “Belə insanların əməliyyat üçün pulu yoxdursa, onlar ölümə məhkum vəziyyətdə qalmalıdırmı? Bu, hökumət qarşısında dayanan ən böyük sualdır. Ona görə də hansı mənbədən tapılmasından asılı olmayaraq, bu insanların həyatının qeyb olmasının qarşısı alınmalıdır”.

Millət vəkili vurğulayıb ki, gələn ilin büdcəsi tərtib olunarkən bunun üçün ayrıca vəsaitin ayrılması təklif olunur. Onun fikrincə, bu təklifin reallaşması Azərbaycan dövlətinin humanistli dərəcəsinin genişliyini ifadə edər.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 915

Oxşar yazılar