Zəfər Quliyev Milli Şuradakı narazılıqlardan danışdı
05 sentyabr 2013 17:38 (UTC +04:00)

Zəfər Quliyev Milli Şuradakı narazılıqlardan danışdı

“Milli Şura ilə “El” Hərəkatı arasında narazılıqlar hələ həllini tapmayıb. Lakin Eldar Namazov bununla bağlı danışıqlar aparır”. Bunu “EL” Hərəkatının sədr müavini, Milli Şuranın üzvü Zəfər Quliyev APA-ya açıqlamasında deyib. 

 

Z. Quliyev bildirib ki, narazılığın səbəblərindən biri “El” hərəkatının istintaqa cəlb olunmasına verilən reaksiya olub: “Bununla bağlı müttəfiqlərimizdən bəziləri öz münasibətini bildirib. Gec də olsa, Milli Şura da bəyanat verib. Amma Milli Şurada təmsil olunan bütün partiyalar bizə olan təzyiqlərə öz mövqeyini açıqlamayıb. Digər narazılıqlarla bağlı isə Cəmil Həsənli, İsa Qəmbər və Eldar Namazov arasında müzakirə aparılıb. Yəqin ki, bu narazılıqlar da davamlı müzakirələr zamanı yaxın günlərdə həllini tapa bilər”.

 

Z. Quliyev digər narazılığın Milli Şuranın daxilində yaranmış vəziyyətlə bağlı olduğunu qeyd edib: “Yəni, burada təmsil olunan partiyalara ayrı-seçkiliyin olub-olmaması, iş bölgüsü və sairə ilə əlaqədardır. Ümumi məsələlərdə - namizədin dəstəklənməsində fikir ayrılığı yoxdur. Biz Milli Şuranın güclənməsində maraqlı olan qüvvələrdən biriyik. Eyni zamanda “El” hərəkatının rəhbərliyi hesab edir ki, Milli Şurada konsensus prinsipi gözlənilməlidir, burada təmsil olunan partiyalar eyni səviyyədə, eyni statusla bütün işlərdə fəal iştirak etməlidir. Yəni Milli Şura təsis olunan zaman qarşıya qoyulan prinsiplərə icra olunmalıdır. Çünki Milli Şura bu prinsiplər əsasında formalaşıb. “El” hərəkatı sona qədər bu dəyərlərin qorunmasının, heç bir ayrı-seçkiliyə yol verilməməsinin tərəfdarıdır. Təəssüf ki, bu, bəzi xırda məsələlərdə hiss olunur. Biz bununla bağlı zəruri müzakirələri aparmışıq və Eldar Namazov da görüşlərdə bunları müttəfiqlərimizin diqqətinə çatdırır. Həm sessiya keçirilən gün – sentyabrın 3-də, həm də dünən Eldar Namazov Rüstəm İbrahimbəyovla da bu məsələləri müzakirə edib”.

 

Politoloq problemi müzakirə yolu ilə həll etməyə çalışdıqlarını bildirib: “Hər halda “El” hərəkatı Milli Şuranın nə zəifləməsində, nə parçalanmasında, nə də ziddiyyətlərin olmasında maraqlıdır”.

 

Z. Quliyev Milli Şuradakı bəzi partiyaların seçki prosesində iştirak etməməsinin səbəbini də açıqlayıb: “Onların seçki kampaniyasında iştirak etməməsinin bir səbəbi narahatlıqları ilə bağlıdır. Milli Şuranın yaradılmasında “El” hərəkatı moderator rolunu oynayıb. Belə olan təqdirdə bizim məsuliyyətimiz də böyükdür. Məhz bu səbəbdən də bəzi narahatlıqların həllində “EL” hərəkatı təşəbbüskar rolunda çıxış edir. Qurum hesab edir ki, seçki kampaniyası başlanana qədər bu problemlər öz həllini tapmalıdır. Yoxsa, bu məsələlər öz həllini tapmasa, seçki kampaniyasında Milli Şurada olan bu narazılıq istər-istəməz ümumi işə mənfi təsir edə bilər. Nə qədər gec deyil, Milli Şurada təmsil olunan partiyalar arasında, vahid namizəd Cəmil Həsənlinin də iştirakı ilə danışıqlar apararaq, nöqsanları aradan qaldırmalıyıq”.

 

Z. Quliyev Rüstəm İbrahimbəyovun unudulması məsələsindən də danışıb: “Rüstəm İbrahimbəyov qurumun yaradıcısıdır və yekdilliklə ilk sessiyada Milli Şuranın sədri seçilib. Milli Şuranın sədri olaraq bütün sonrakı mərhələlərdə qurumda qəbul olunan qərarlar, müzakirəyə çıxarılan məsələlərin hamısı Rüstəm İbrahimbəyovun razılığı əsasında həyata keçirilib. Onun namizədliyi sual altında olanda Rüstəm İbrahimbəyovun öz təşəbbüsü ilə Milli Şura ehtiyat vahid namizəd məsələsini gündəmə gətirdi və hadisələrin gedişi də göstərdi ki, bu, doğru qərar idi. Əlbəttə, burada başqa variantla da fəaliyyəti qurmaq olardı. Buradan çıxış edərək, avqustun 19-da keçirilən sessiyada Rüstəm İbrahimbəyov bir neçə istiqamət göstərirdi. Məlum variantlar müzakirəyə çıxarıldı və 1 səs çoxluğu ilə ehtiyat vahid namizəd məsələsi təqdir olundu. Keçmişə qayıtmaq istəmirəm. Bildirim ki, şəxsən mənim və “El” hərəkatının avqustun 19-dakı mövqeyi əsas namizədin sona qədər dəstəklənməsi ilə bağlı idi. Yəni biz əsas namizədin dəstəklənməsini uğurlu sayırdıq. Şəxsən mən hesab edirdim ki, Milli Şurada təmsil olunan aparıcı partiyalar dərhal seçki prosesinə qatılmaq üçün öz namizədlərini irəli sürməlidirlər. Lakin hər halda Milli Şura avqustun 23-də Cəmil Həsənlini vahid namizəd seçdi. Onu demək istəyirəm ki, hər gün, dünən də daxil olmaqla, Rüstəm İbrahimbəyov Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazovla əlaqə saxlayır. Yəni Rüstəm İbrahimbəyov daim Milli Şuranın rəhbərliyi ilə öz əlaqələrini davam etdirir”.

 

Z. Quliyev Rüstəm İbrahimbəyovun Milli Şuranın sədri olaraq qaldığını da xatırladıb: “O, Milli Şuranın sədri olaraq qalır və bu qurumun sədri kimi səlahiyyətləri var. Güman edirəm ki, bundan sonrakı proseslərdə də daim Milli Şura öz sədrinin mövqeyi ilə hesablaşacaq”.

 

Z. Quliyev Milli Şuranın London səfəri ilə bağlı qeyri-müəyyənlik olduğunu da deyib: “Səfərin vaxtı, gedəcək şəxslərin kimliyi və bir sıra daha başqa məsələlər var ki, hələ tam aydın deyil. Ona görə də bu səfərlə bağlı heç nə deyə bilmərəm”. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 508
avatar

Oxşar yazılar