“Yeni Azərbaycan Partiyası prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində öz namizədinin müdafiəsi ilə bağlı kütləvi aksiyaların-mitinqlərin keçirilməsinə artıq start verib”.
Lent.az-ın verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı söyləyib.
Mübariz Qurbanlı bildirib ki, partiyanın yerli rayon - şəhər təşkilatları əvvəlcədən müəyyən edilmiş qrafikə uyğun olaraq, seçicilərlə görüşlər keçirirlər. Onun sözlərinə görə, rayon - şəhər təşkilatları öz qərargahlarında, eyni zamanda, yerli icra hakimiyyəti orqanları tərəfindən ayrılmış yerlərdə insanlarla bir araya gəlir, onları hakim partiyanın namizədi İlham Əliyevin seçki platformasının tezisləri ilə tanış edirlər: “Bu gündən artıq yerlərdə kütləvi aksiyaların keçirilməsinə də start veriləcək. Bir azdan Ağstafada, Qaxda, sabah isə Qazaxda, Oğuzda müvafiq icra hakimiyyəti orqanları tərəfindən ayrılmış yerlərdə namizədimizin dəstəklənməsi ilə bağlı mitinqlər keçiriləcək və inanıram ki, bu mitinqlər də öz əzəmətliliyi, möhtəşəmliyi ilə seçiləcək”.