Yeni Azərbaycan Partiyası (YAP) Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin Seçki Məcəlləsini kobud şəkildə pozması ilə bağlı faktlar əldə edib.
YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov APA-ya açıqlamasında bildirib ki, bununla bağlı 1 gün (11 sentyabr) monitorinq keçirib, bu faktları monitorinq nəticəsində aşkar ediblər.
S. Novruzov müxalifət cəbhəsinin YAP-ın prezidentliyə namizədi İlham Əliyevin vaxtından əvvəl seçki təbliğatına, seçki kampaniyasına başlaması ilə bağlı ittihamlara da cavab verib: “Bu, tamamilə əsassız iddiadır. Çünki İlham Əliyev bütün dövrlərdə regionlara səfər edir, sərəncamlar verir, yeni abadlıq işlərinin təməlini qoyur və sair. Cənab prezident ötən il də, ondan əvvəlki il də eyni qaydada regionlara səfər edib, açılışlarda iştirak edib, yerli sakinlərlə ünsiyyətdə olub. Bu onun işinin tərkib hissəsidir, mütəmadi fəaliyyətidir və bunun heç birinin seçki kampaniyasına aidiyyəti yoxdur. Biz seçkidən seçkiyə xalqın yanına getmirik, daim xalqla birlikdəyik”.
YAP funksioneri bunu iddia edən şəxslərin özlərini əslində seçki kampaniyasına vaxtında əvvəl başlamaqda, Seçki Məcəlləsini kobud şəkildə pozmaqda ittiham edib: “Müxalifət özü təbliğat-təşviqat kampaniyası başlamamışdan qəzetlərdə, saytlarında Milli Şuranın namizədinin reklamı, kampaniyası ilə məşğul olmağa başlayıblar, hansı ki, bu, Seçki Məcəlləsi ilə qadağan olunub. Məcəllənin 75-ci maddəsində aydın göstərilir ki, seçkiqabağı təşviqat seçkiyə 23 gün qalmış başlayır və səsvermənin başlanmasına 24 saat qalmış bitir. Müxalifət isə bunu kobud şəkildə pozur və təbliğat kampaniyası başlamamışdan onlar kampaniyaya başlayıblar. Təkcə sentyabrın 11-də apardığımız monitorinqin nəticələrinə baxın: hələ qeydiyyatdan keçməyən Milli Şura namizədi Cəmil Həsənli ilə bağlı “Azadlıq” qəzeti və digər qəzetlərdə sırf kampaniya xarakterli başlıqlar onlarladır. Məsələn, “Azadlıq” qəzeti 11 sentyabr 2013-cü ildə verdiyi yazıları nəzərdən keçirək: Başlıq: ““Azadlıq”ın kollektivi Cəmil Həsənlinin kampaniyasına yardım etdi”. Ardınca, “Biz onun kampaniyasına təkcə maddi deyil, bütün imkanlarımızla dəstək verməyi özümüzə borc bilirik”. Digər yazının başlığı: “Tanınmış hüquqşünaslardan Cəmil Həsənliyə dəstək!”, “Məhəmməd Hatəmidən Cəmil Həsənliyə dəstək!”, yaxud “Xalqın Cəmil Həsənli kimi liderə ehtiyacı var” və sair. Bu yazılarda da Cəmil Həsənliyə etimad göstərilməyə çağırışlar edilir. Qəzetdə daha sonra Cəmil Həsənlinin bank hesabını verib kampaniya üçün ianələr yığırlar. Bundan başqa, “Yeni Müsavat” qəzetində sentyabrın 11-də kampaniya xarakterli yazılar yer alır. Məsələn, “Əli Kərimli Cəmil Həsənliyə dəstək üçün çağırış etdi”, yaxud “Tanınmış hüquqşünaslar Cəmil Həsənliyə dəstək verdilər” və sair. Halbuki seçki kampaniyası hələ başlamayıb. Bütün bunlar Azərbaycan Respublikası Seçki Məcəlləsinin 75-ci maddəsinin kobud şəkildə pozulmasıdır. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsi ilə həmin şəxslər cəzalandırılmalıdır”.
S. Novruzov qeyd edib ki, YAP bu faktlarla bağlı Mərkəzi Seçki Komissiyasına rəsmi müraciət ünvanlayacaq: “Qoy, MSK-da bu məsələyə baxılsın və xəbərdarlıq olunsun. Qanunvericiliyə hamı əməl etməlidir. Lakin bu gün müxalifət partiyaları, qəzetləri, onların namizədləri, Milli Şuraya toplaşanlar qanunvericiliyi olduqca kobud şəkildə pozurlar”.