“Milli Şurada toplaşan müxalifətin bu gün keçirdiyi mitinq seçkidən əvvəlki mitinqlərdən heç nə ilə fərqlənmədi. Həminki adamlar, həminki sifətlər idi”.
Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib.
S. Novruzov qeyd edib ki, bu mitinqin əvvəlkindən tək bir fərqi vardı: “Hiss olunurdu ki, bu mitinqin idarə olunmasında hansısa xarici qüvvənin, təşkilatın əli var”.
YAP rəsmisi mitinq iştirakçılarının və təşkilatçılarının YAP lideri ilə bağlı “şər-böhtan xarakterli fikirlər səsləndirdiklərini” deyib: “Bilirsiniz, demokratiya yaxşı şeydir, amma qanunun aliliyinə də daim hörmət eləmək lazımdır. O mitinqin iştirakçıları, təşkilatçıları yığışıb YAP-ın lideri, ölkə başçısı haqqında ağızlarına gələni danışıb təhqir edirlər, şər-böhtan atırlar. Əgər onlar növbəti dəfə də belə hərəkətlərə yol versələr, biz qanun çərçivəsində ölçü götürülməsini tələb edəcəyik. Çünki hamı istənilən addımı atan zaman Azərbaycan qanunlarına hörmət etməlidir”.