Bu həftə hakim Yeni Azərbaycan Partiyasında struktur islahatları aparıldı, bir sıra komissiya yaradıldı. Yeni yaradılan mətbuat və ictimai əlaqələr üzrə komissiyasının sədri vəzifəsinə isə sabiq deputat, YAP Siyasi Şurasının və İdarə Heyətinin üzvü, AZTV-nin keçmiş sədri Nizami Xudiyev təyin olunub.
Yeni Azərbaycan Partiyasının mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev Lent.az-a açıqlamasında bildirib ki, yeni yaradılan komissiyanın onun rəhbərlik etdiyi struktura aidiyyəti yoxdur. YAP mətbuat xidmətinin rəhbəri bildirib ki, partiyanın sözçüsü bundan sonra da o olacaq, Nizami Xudiyev isə mətbuat və ictimai əlaqələrlə bağlı işlərin geniş şəkildə koordinasiya edilməsi üçün yaradılmış komissiyaya rəhbərlik edəcək: “Mən öz işimdə qalıram. Yeni yaradılan komissiyanın partiyanın mətbuat xidmətinə bağlılığı yoxdur və ayrı-ayrı qurumlardır. Mən partiyanın mətbuat xidmətinin rəhbəri olaraq qalıram. Nizami müəllim isə İdarə Heyətində yaradılmış komissiyaya rəhbərlik edəcək”.
Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin son iclasında partiyanın sədr müavinləri arasında iş bölgüsünün müəyyən edilməsi və müxtəlif sahələri əhatə edən 12 komissiyanın yaradılması barədə qərar qəbul edilib.