YAP-dan Milli Şura ilə bağlı açıqlama gəldi
09 oktyabr 2013 17:58 (UTC +04:00)

YAP-dan Milli Şura ilə bağlı açıqlama gəldi

““Milli Şura”da təmsil olunan siyasi partiyaların nümayəndələri, eləcə də prezidentliyə namizəd Cəmil Həsənlinin müşahidəçiləri ölkə üzrə seçki prosesinin pozulmasına yönəlmiş təxribatları davam etdirməkdədir”. Bu bəyanatla Yeni Azərbaycan Partiyası çıxış edib.

 

Partiyadan APA-ya verilən məlumata görə, 90 saylı Ağdaş seçki dairəsinin 29 saylı məntəqəsində (Yenicə kəndi) özünü Milli Şuranın nümayəndəsi kimi təqdim edən “Azərbaycan Press” qəzetinin müxbiri Kərimov Yusif Abduləli oğlu komissiya üzvlərini təhqir edib, səsvermə prosesinə mane olmağa çalışıb. Nəticədə, məntəqədə normal səsvermə prosesini bərpa etmək üçün polis əməkdaşı dəvət edilib. 


Hakim partiyanın seçki ilə bağlı yaydığı məlumatda qeyd olunub ki, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin Xəzər rayon ərazisində yerləşən məntəqəsində “Milli yol” qəzetinin müxbiri Anar Cəbrayılov səsvermə prosesinin pozulmasına yönəlmiş hərəkətlər edib. Prezidentliyə namizəd C. Həsənlinin müşahidəçisi olan A. Cəbrayılov davranışının qarşısını almaq üçün məntəqəyə polis əməkdaşı dəvət edilib.


Məlumata görə, Milli Şuranın 117 saylı Oğuz-Qəbələ seçki dairəsinin 10 saylı məntəqəsində məşvərətli səs hüquqlu nümayəndəsi Davudov Anar Vaqif oğlu və 30 saylı məntəqəsində müşahidəçisi Mikayılova Həqiqət Vahid qızı komissiya üzvlərini və müşahidəçiləri təhqir edib, səsverməyə gələn seçicilərə təzyiq göstərib.  Onlarla bağlı akt tərtib olunub. 


YAP-ın məlumatında göstərilib ki, AXCP-nın Şəki şəhər təşkilatının sədri Abdullayev Əli və tərəfkeşi Hüseynov Həsən 113 saylı Şəki şəhər seçki dairəsinin 9 və 16 saylı məntəqələrində təbliğat işi aparıb, səsverməyə gələn seçicilərə təzyiq göstərərək onları Cəmil Həsənliyə səs verməyə çağırıb və bu, komissiya üzvləri tərəfindən aktlaşdırılıb. 


Müsavat Partiyasının Zərdab rayon təşkilatının sədri Zülfiyev İbrahim Zülfü oğlu 92 saylı Zərdab-Ucar seçki dairəsinin 3 saylı seçki məntəqəsində seçiciləri Cəmil Həsənliyə səs verməyə çağırıb: “ O, komissiya üzvlərini təhqir etməkdən çəkinməyib”.

 

Məlumatda prezidentliyə namizəd C. Həsənlinin səlahiyyətli nümayəndəsi Mustafa Hacılının 31 saylı Suraxanı seçki dairəsinin 15 saylı seçki məntəqəsində komissiya üzvlərini, müşahidəçiləri və seçiciləri “axşam görərsiniz nə edəcəyik” sözləri ilə hədələdiyi də bildirilib: “Müxalifətin təxminən 40 nəfər gənc nümayəndəsi 10 saylı Binəqədi seçki dairəsinin 16 saylı seçki məntəqəsinə gələrək qeydiyyatda olmadıqları halda komissiya üzvlərindən onlara bülleten verilməsini tələb ediblər. Onlar nümayişkaranə şəkildə C. Həsənlinin tərəfdarları olduqlarını bildiriblər”.

 

Azərbaycan Demokrat Partiyası (ADP) da seçki prosesində baş verənlərlə bağlı məlumat yayıb. Məlumata görə, 8 saylı Binəqədi ikinci seçki dairəsinin 10 saylı seçki məntəqəsində səsverməni müşahidə edən ADP-dən olan vəkil Seyidov Mir Kamil Mirsənan oğlu seçki məntəqəsindən uzaqlaşdırılıb.

 

23 saylı Nəsimi-Səbail seçki dairəsinin 25 saylı məntəqəsindən verilən məlumata görə həmin məntəqədə səsvermə üçün şərait qanunun tələblərinə cavab verməyib, eyni zamanda iki nəfərin səsvermə kabinəsinə daxil olması qeyd edilib.

 

27 saylı Sabunçu ikinci seçki dairəsinin 7 saylı seçki məntəqəsindən  Cəsur Məmmədovun verdiyi məlumata görə, bəzi seçicilər barmaqlarına mürəkkəb vurulmadan seçki məntəqələrinə buraxılıb. Bu barədə protokol tərtib edilməsi ilə əlaqədar müşahidəçilərin tələbi yerinə yetirilməyib.

 

Prezidentliyə namizəd Cəmil Həsənlinin Seçki Qərargahı isə ilk bəyanatını yayıb. Bəyanatda səsvermə zamanı müxtəlif qanun pozuntularına rast gəlindiyi bildirilib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1540
avatar

Oxşar yazılar