Bu gün Xorvatiya Respublikasının prezidenti İvo Yosipoviç İlham Əliyevi yenidən Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik edib.
Lent. az-ın AzərTAc-a istinadən xəbərinə görə, təbrik məktubunda deyilir:
“Hörmətli cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə Xorvatiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaq istərdim.
Əminəm ki, biz növbəti illərdə də xüsusilə iqtisadiyyat və mədəniyyət sahələrində xalqlarımız və dövlətlərimiz arasında güclü əlaqələri, əməkdaşlığı daha da inkişaf etdirəcəyik.
Cənab Prezident, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin”.
Bu gün həmçinin, Əfqanıstan İslam Respublikasının prezidenti Həmid Karzai və Əlcəzair Xalq Demokratik Respublikasının prezidenti Əbdüləziz Buteflika da prezident İlham Əliyevə yenidən
dövlət başçısı seçilməsi münasibətilə təbrik məktubu ünvanlayıb.
Təbrik məktubu göndərənlər arasında Yunanıstan Respublikasının Baş naziri Antonis Samaras, Malayziyanın Baş naziri Dato Sri Mohd Najib, Rumıniyanın sabiq Baş naziri, senator, Mərkəz-Sağ Vətəndaş Təşəbbüsünün təsisçisi və rəhbəri Mihay Razvan Unqureanu, “KAZENERGY” Assosiasiyasının sədri Timur Kulibayev, Rusiya Federasiyasının Xalq Artisti Yuri Lyubimov, Nyu-Meksiko ştatının Nümayəndələr Palatasının üzvü Debbi Rodella, Beynəlxalq Olimpiya Akademiyasının prezidenti Isidoros Kouvelos və ABŞ Konqresinin üzvü Lyuk Messer də var.