Azərbaycan Xarici İşlər Nazirliyi oktyabrın 9-da keçirilən prezident seçkiləri ilə bağlı bəyanat yayıb. XİN-in mətbuat xidmətindən APA-ya göndərilən məlumata görə, bəyanatda deyilir ki, seçkilərdə 10 namizəd iştirak edib, ölkədə seçki məntəqələrinin sayı 5492 olub, Azərbaycanın xaricdəki diplomatik və konsulluq nümayəndəliklərində 37 seçki məntəqəsi yaradılıb.
Daha sonra bəyanatda qeyd olunur ki, uzun və qısamüddətli müşahidələr 53 000 müşahidəçi tərəfindən icra olunub. Azərbaycan hökuməti və parlamenti tərəfindən dəvət olunan və 100 ölkəni, ATƏT, AŞPA, Avropa Parlamenti, GUAM, İƏT, QDİƏT və s. təşkilatları və müxtəlif QHT-ləri təmsil edən 1300 beynəlxalq müşahidəçi də seçkilərdə fəaliyyət göstərib.
Bəyanatda bildirilir ki, seçkilər qanunvericiliyə tamamilə uyğun olub və seçicilərin fəallığı ilə müşahidə edilib. Qeydə alınmış 5 145 000 milyon seçicidən 72.31 faizi seçkilərdə iştirak edib. Azərbaycan Mərkəzi Seçki Komissiyanın ilkin məlumatına görə, hazırkı prezident İlham Əliyev səslərin 84.55 faizini toplayıb.
Bəyanatın sonunda müxtəlif beynəlxalq təşkilatların seçki ilə bağlı qiymətləndirmələri də göstərilib. Belə ki, Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamenti müşahidəçilərinin birgə bəyanatında qeyd olunub ki, seçki prosesi azad, ədalətli və şəffaf keçirilib, seçki prosedurları seçki ərəfəsində və seçki günü peşəkar və dinc şəkildə həyata keçirilib. ATƏT PA və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyanın məlumatına görə, Mərkəzi Seçki Komissiyası seçki üçün texniki hazırlığı effektiv görüb. MDB seçki müşahidə missiyası isə seçkilərin demokratik, obyektiv və legitim olduğunu bildirib. İslam Əməkdaşlıq Təşkilatının müşahidə missiyası da seçkiləri uğurlu, azad və ədalətli kimi qiymətləndirib, bu da Azərbaycanda demokratiyanın möhkəmlənməsi istiqamətində vacib nailiyyətdir.