“ABŞ-ın Azərbaycana münasibətdə səmimiliyini şübhə altına qoyur...”
Xarici İşlər Nazirliyi ABŞ Dövlət Departamentinin 9 oktyabrda Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə əlaqədar verdiyi bəyanata münasibətdə öz dərin təəssüfünü ifadə edərək, bu bəyanatı qəbuledilməz hesab edir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, prezident seçkiləri 52000 yerli və 1300 əcnəbi müşahidəçinin iştirakı ilə Azərbaycan Konstitusiyası və seçki haqqında qanunvericiliyi əsasında azad, demokratik, ədalətli və şəffaf mühitdə keçirilib və Azərbaycan xalqı sərbəst və şüurlu şəkildə öz iradəsini ifadə edib.
Seçkinin nəticələri və ümumilikdə seçki prosesi Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasının müşahidə qrupu, İslam Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat - GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Türkdilli dövlətlərin əməkdaşlıq şurası və digər beynəlxalq təşkilatlar, habelə 100 ölkənin seçki müşahidə missiyası tərəfindən azad, demokratik və ədalətli kimi qiymətləndirilib. Seçki prosesində qanunvericiliyin tələblərinə uyğun olaraq, namizədlərin qeydiyyata alınması, seçki təbliğat-təşviqat kampaniyalarının aparılması və sərbəst toplaşma və özünü ifadə azadlığının təmin edilməsi üçün bütün zəruri tədbirlər tam şəffaf şəkildə həyata keçirilib. Xarici İşlər Nazirliyi bəyan edir ki, ümumiyyətlə, bu seçkilər beynəlxalq və yerli müşahidəçilərin də qeyd etdiyi kimi Azərbaycanın demokratik yolla inkişafı prosesində irəliyə doğru daha bir vacib addım olub. Seçki prosesinin təşkili bir daha onu sübut edir ki, Azərbaycan Hökuməti qəbul etdiyi beynəlxalq öhdəliklərinə uyğun olaraq demokratik prosesin vacib elementi olan seçkilərin keçirilməsinin daha da təkmilləşdirilməsi istiqamətində nəzərəçarpacaq dərəcədə nailiyyətlər əldə edib.
Xarici İşlər Nazirliyi bildirir ki, bəzi seçki məntəqələrində tək-tük pozuntu hallarına və texniki qüsurlara yol verildiyi təqdirdə, bu barədə Azərbaycan qanunvericiliyinə uyğun olaraq müvafiq strukturlara müraciət edilməsi əvəzinə, bunların ümumiləşdirilmiş formada bütün seçki prosesinə aid edilməsi, prezident seçkilərinin beynəlxalq standartlara cavab verməməsinin iddia edilməsi və siyasi mülahizələrlə seçkilərə kölgə salınması cəhdləri heç bir halda ədalətli hesab edilə bilməz. Bu kimi yanaşma ABŞ-ın Azərbaycana münasibətdə səmimiliyini şübhə altına qoyur və eyni zamanda tam şəkildə qərəzli və qəbuledilməz olaraq, seçkilərdə azad iradəsini sərbəst şəkildə ortaya qoymuş Azərbaycan vətəndaşlarına münasibətdə hörmətsizlik kimi qiymətləndirilir: “Bir daha qeyd etmək istərdik ki, Avropa Parlamenti, AŞPA və İƏT daxil olmaqla, beynəlxalq müşahidəçilərin mütləq əksəriyyəti və eyni zamanda Azərbaycan, ABŞ və Fransadan olan beş müstəqil təşkilatın keçirdiyi “exit poll” sorğuların nəticələri hazırkı prezident İlham Əliyevin tam və inamlı qələbəsini təsdiqləyir”.