İranın xarici işlər naziri yaxın günlərdə Azərbaycana rəsmi səfərə gələcək
Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla İran xarici siyasət idarəsinin rəhbəri Əli Əkbər Salehi arasında telefon danışığı olub. APA-nın məlumatına görə, bu barədə Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib.
Onun sözlərinə görə, telefon danışığı İran tərəfinin təşəbbüsü ilə baş tutub. Telefon danışığında Azərbaycanla İran arasında ikitərəfli münasibətlərin müxtəlif aspektləri müzakirə olunub, müxtəlif regional məsələlərə dair, o cümlədən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin bu ölkəyə səfərinin nəticələri, aprelin 30-da Təbrizdə həbs olunmuş Azərbaycan vətəndaşları ilə bağlı fikir mübadiləsi aparılıb.
İranın xarici işlər naziri yaxın zamanlarda Azərbaycana rəsmi səfərə gəlmək arzusunu ifadə edib. O mayın 29-da Tehranda İranın təşəbbüsü ilə Suriyaya dair beynəlxalq konfrans keçiriləcəyini bildirib və Azərbaycan xarici işlər nazirini bu konfransda iştiraka dəvət edib.