Bu gündən etibarən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində növbəti tədris ili üçün xarici ölkələrin ali məktəblərində təhsil almaq istəyən azərbaycanlı gənclərin sənəd qəbulu başlayıb. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib. Nazirlikdə verilən məlumatda qeyd olunur ki, sənədlərin qəbulu prosesi avqustun 15-dək davam edəcək.
Sənədlərin qəbulu nazirlik tərəfindən Prezident yanında Təhsil üzrə Komissiyanın sərəncamına uyğun olaraq həyata keçiriləcək. Sənəd qəbulunda xarici ölkələrin ali məktəblərində təhsil alan və ya şərtsiz təhsil almaq hüququ qazanan Azərbaycan vətəndaşları iştirak edə bilər. Müsabiqədə iştirak etmək istəyənlər Təhsil Nazirliyinin müvafiq veb saytlarında (www.edu.gov.az, www.xaricdetehsil.edu.gov.az) yerləşdirilmiş elanın mətnində verilən link vasitəsilə elektron ərizə formasını doldurub, çap edib imzalayaraq, müvafiq sənədlərlə birgə Təhsil Nazirliyində qeydiyyatlarını təsdiq etdirməlidirlər.
Müraciətlərin təsdiqi, elektron ərizə doldurularkən ərizəçilər tərəfindən seçilmiş qəbul vaxtlarında Təhsil Nazirliyində həyata keçiriləcək.