Vüsalə Mahirqızı: “Nəticələr səsvermə bitəndən 2-3 saat sonra açıqlanacaq”
13 sentyabr 2013 18:56 (UTC +04:00)

Vüsalə Mahirqızı: “Nəticələr səsvermə bitəndən 2-3 saat sonra açıqlanacaq”

Oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkisində “exit-poll”u ABŞ-ın “Arthur J. Finkelstein & Associates” (AJF) şirkəti həyata keçirəcək. Şirkəti Azərbaycana media tərəfdaşı olan “APA Holdinq” dəvət edib. Bununla bağlı tərəflər arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə “APA-Holdinq”in prezidenti Vüsalə Mahirqızı və AJF-nin icraçı direktoru Barbara Fiala qol çəkiblər.

AJF şirkəti “exit-poll”, rəy sorğuları, analiz, media strategiyası və imic məsləhətləri kimi xidmətlər göstərir. Şirkət nümayəndələri 40 il ərzində ABŞ, Kanada, İsrail və Şərqi Avropada müxtəlif siyasi kampaniyalarda məsləhətçilik edib, sorğular keçirib, strategiyalar hazırlayıblar.

Sentyabrın 13-də “APA-Holdinq”in prezidenti Vüsalə Mahirqızı “Media forum” saytının bu məsələ ilə bağlı suallarını cavablandırıb.

 

- APA-nın prezident seçkisində “exit-poll” keçirmək ideyası necə yarandı?

 

- Biz AJF şirkəti ilə xeyli müddətdir əməkdaşlıq edirik. Onlar daim “APA-Holdinq”ə məlumatlar, analizlər və digər media məhsulları üçün sifarişlər verirlər. Bu şirkətin 40 illik təcrübəsi var. Amerikada və başqa ölkələrdə müxtəlif yönümlü sorğular keçirir. Siyasi və media təhlilləri aparmaqla yanaşı şirkət siyasi partiyalar və siyasətçilər üçün seçki kampaniyaları taktikalarını da hazırlayır. İndiyədək Azərbaycanda heç bir media seçkilərdə “exit-poll” keçirən qurumun tərəfdaşı olmayıb. Ancaq Almaniyada, Bolqarıstanda, Estoniyada və başqa ölkələrdə bu təcrübə mövcuddur. Dünyanın müxtəlif ölkələrində “exit-poll”u informatik-analitik mərkəzlər və informasiya agentlikləri təşkil edir. APA da yalnız xəbər qurumu deyil, həm də analitik-informasiya mərkəzidir.

Ona görə biz düşündük ki, belə bir tərəfdaşımız var, onları dəvət edək. Bizim bu prosesdə iştirakımız maraqlı olar. Çünki dünyanın müxtəlif ölkələrinin yüzlərlə analitik və beyin mərkəzi Azərbaycandakı seçkinin nəticələri ilə maraqlanır. Əsasən iki tərəfin - rəsmi qurumun, yəni Mərkəzi Seçki Komissiyasının və “exit-poll”un açıqladığı nəticələr maraqlı olur. Təbii ki, “exit-poll”un nəticələrinin eksklüziv yayım hüququ bizdə olacaq. Seçkidən əvvəl iki sorğunun keçirilməsi də nəzərdə tutulub. Həmin sorğuların eksklüziv yayım hüququ bizə aid olacaq. Eyni zamanda beynəlxalq biznes və mətbuat mərkəzlərinə bunu satmaq imkanımız yaranacaq. Azərbaycanda bu addımı ilk dəfə biz atdıq.

 

- Əsas hədəfləriniz nədir?

 

- Səsvermədən əvvəl iki böyük rəy sorğusu keçiriləcək. Həmin rəy sorğularında təxminən 1500 müsahibənin götürülməsi nəzərdə tutulur. Sorğular müxtəlif dairə və məntəqə seçki komissiyalarının ərazilərində aparılacaq. Yəni pərakəndə formada olacaq. Səsvermə günü çoxlu seçki məntəqəsində “exit-poll” keçirmək nəzərdə tutulur.

 

- Neçə dairə və məntəqədə “exit-poll” keçiriləcək?

 

- Bu suala indi cavab verə bilməyəcəyəm. Çünki tərəfdaşlarımızı yeni dəvət etmişik. Müqaviləni imzalayan kimi dərhal ictimaiyyətə məlumat verdik. Tərəfdaşlarımızın bununla bağlı monitorinqləri olacaq. “Exit-poll”un texniki tərəfini onlar həyata keçirəcək. Bizim razılığımızla “Arthur J. Finkelstein Associates” şirkəti yerli QHT-lərdən tərəfdaş seçəcək. Bu məsələni onlar həll edəcəklər. Biz sadəcə sifarişçiyik. Eyni zamanda eksklüziv yayım hüququna malikik. Ona görə dairələrin və məntəqələrin seçilməsi onların ixtiyarındadır. Bizim şərtimiz Azərbaycanın bütün ərazilərinin əhatə olunmasıdır.

 

- “Exit-poll”un nəticələri nə zaman açıqlanacaq?

 

- Nəticələr səsvermə bitəndən 2-3 saat sonra açıqlanacaq. “Exit-poll” nəticələrinin açıqlanması ilə bağlı bu günə qədər dünyada olan təcrübəni qabaqlamağa çalışacağıq.

 

- Adətən seçkidə “exit-poll” layihəsi ucuz başa gəlmir. Maliyyə məsələsi necə həll olunub?

 

- APA Azərbaycanda kifayət qədər reklamı və abunəsi olan təşkilatdır. Bizim normal gəlirimiz var. Maliyyə mənbəyi təkcə APA agentliyi deyil, eyni zamanda “APA-Holdinq”dir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 701
avatar

Oxşar yazılar