Rusiya Federasiyasının Volqoqrad şəhərində IV Beynəlxalq “Rusiya–Azərbaycan: regionlararası dialoq-2013” forumu öz işinə başlayıb. APA-nın Rusiya bürosunun məlumatına görə, forum çərçivəsində Rusiya–Azərbaycan “Bakı” dostluq parkının təməlqoyma mərasimi keçirilib.
Mərasimə Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi əlaqələr şöbəsinin müdiri Əli Həsənov, iqtisadi inkişaf naziri Şahin Mustafayev, sənaye və energetika naziri Natiq Əliyev, Milli Məclisin deputatları, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, Ümumrusiya Azərbaycan Konqresinin baş katibi İlqar Hacıyev, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının nümayəndələri qatılıblar.
Tədbiri giriş sözü ilə açan Volqoqrad vilayətinin qubernator müavini Oleq Krisanov Azərbaycanla vilayət arasında dostluq münasibətlərindən danışıb. O, təməli qoyulan bu parkın Volqoqrad vilayətində Azərbaycan və rus xalqlarının dostluq simvoluna çevriləcəyini söyləyib.
Rusiya prezidentinin xarici ölkələrlə regionlararası və mədəni əməkdaşlıq üzrə nümayəndəsi Vladimir Çernov çıxışında bu cür layihələrin gələcək nəsillər üçün örnək olacağını və Rusiya Azərbaycan arasında dostluq rəmzinə çevriləcəyini söyləyib. Belə layihələrin artıq ənənə şəklinə çevrildiyini söyləyən V. Çernov nümunə olaraq Azərbaycanın Rusiyanın Həştərxan vilayətində gördüyü işləri göstərib.
Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi əlaqələr şöbəsinin müdiri Əli Həsənov çıxışında Parkın dostluq rəmzinin olduğunu bildirərək, Heydər Əliyev Fondunun bu işdə fəaliyyətindən danışıb. “Bakı” parkının dostluq rəmzi olacağına əminliyini bildirən Ə. Həsənov Volqoqrad vilayətində yaşayan azərbaycanlıların ölkənin ictimai həyatında mühüm rol oynadığını qeyd edib.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu isə çıxışında dostluq parkının bu ilin sentyabr ayına qədər təhvil veriləcəyini söyləyib. Səfir bildirib ki, kosmik surətlə hər şey tikilərək volqoqradlıların ixtiyarına veriləcək: "Parkda gəzməyə gələn hər bir kəs Azərbaycan-Rusiya dostluğunu xatırlayacaq”.
Daha sonra Əli Həsənov və Vladimir Çernov gələcək nəslə müraciətin altına imza atıblar.
Sonda isə “Bakı” parkının təməli qoyulub.