Vəkil Aslan İsmayılov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində döyüldüyünü və ölümlə təhdid edildiyini deyib. Bu barədə "Azadlıq"a açıqlama verən Aslan İsmayılov bildirib ki, bu gün saat 17-də idarənin Canpolad Daanov adlı müstəntiqi ona zəng vurub təcili görüşmək istədiyini bildirib: “Mən onu tanıyaram, həmişə mənə hörmətlə yanaşıb. Xahiş etdiyinə görə getdim. İçəri daxil olanda biri məni qarşılayıb, otağı göstərib dedi ki, keçin bura. Düşündüm ki, yəqin məni saxlayırlar. Sakitcə keçdim içəri, Canpolad da otaqda idi. Məni görən kimi başladı təhqir etməyə”.
Vəkilin sözlərinə görə, idarədə onu döymələrini DİN rəhbərliyini tənqid etməsi ilə əlaqələndiriblər: “Daanov ünvanıma min bir təhqir işlətdi və qulağımın dibinə yumruq zərbəsi endirdi. Məni ölümlə təhdid edərək dedi ki, bu hələ xəbərdarlıqdır. Get yaşamaq haqqında fikirləş, ağlını başına yığ. Sonra o birisi də təhqir və təhdid etməyə başladı”.
A.İsmayılov deyib ki, BMCQMİ-dən çıxandan sonra Bakı Prokurorluğuna gedərək, hadisə ilə bağlı müraciət edib. O, həmçinin ABŞ səfirliyinə də müraciət etdiyini deyib.
Musavat. com hadisədə adı keçən C. Daanovla əlaqə saxlaya bilmədiyini yazıb.