“Rus elitası da bizimlə söhbətdə etiraf edir ki, 4 noyabrda keçirilən millətçi aksiyalar Rusiyanın özünün də əleyhinədir.
Dünənki mitinqdə də icazə verilməyən millətçi şüarlarla çıxış edən 30 nəfər hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb”. Bunu APA-ya açıqlamasında Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) icraçı direktoru İlqar Hacıyev bildirib.
İ. Hacıyev qeyd edib ki, hazırda qeyri-ruslar, o cümlədən azərbaycanlılara münasibətdə vəziyyət normallaşmağa doğru gedir: “Hər kəs sakit formada öz işi ilə məşğul olur”.
ÜAK rəsmisi onu da bildirib ki, Rusiya hökuməti Moskvanın mərkəzindəki bazarları, topdansatış məkanlarını şəhərdən kənara köçürməyə start verib və keçirilən reydlər də sənədlərin yoxlanılması ilə əlaqədardır.
Bu günlərdə Moskvada ictimai nəqliyyatda rus millətçisi tərəfindən döyülən 14 yaşlı azərbaycanlı Rövşən Kazımovun işindən danışan İ.Hacıyev deyib ki, səfirliyin müraciəti ilə yanaşı, burada hamı bu işə cəlb olunur: “Yerli qanunların tələbinə uyğun olaraq cinayət törədilibsə, cinayətkar cəzasına çatmalıdır və çatacaq”. O, azərbaycanlılara, xüsusən orada oxuyan azərbaycanlı tələbələrə hər ehtimala qarşı ehtiyatlı olmaq, heç bir halda təxribata getməmək tapşırığı verildiyini bildirib: “Bunun üçün bizim əlaqə nömrəmiz paylanıb və tapşırılıb ki, problem olarsa, dərhal əlaqə saxlanılsın. Biz bütün regionlarla gündəlik əlaqə saxlayırıq”.