Sentyabrın 15-də Türkiyədə Azərbaycan gecəsi keçirilib. Azərbaycanın Türkiyədəki səfirliyindən Lent.az-a verilən məlumata görə, gecə Ankaranın Etimesqut Rayon Bələdiyyəsində keçirilən 10-cu Beynəlxalq Anadolu Günləri Festivalı çərçivəsində təşkil olunub.
Festivalının həyata keçirildiyi yerdə Azərbaycan Evi yaradılıb. Azərbaycan Evində ölkəmizə xas əyani təbliğat vasitələri nümayiş etdirilib, "İrs-Miras" jurnalı, türk dilində nəşr olunmuş "İlham Əliyev" və "Heydər Əliyev" kitabları təqdim olunub, milli mətbəximizə xas şəkərbura və paxlavalar paylanılıb. Tədbirdə Naxçıvan Muxtar Respublikasından Ankaraya səfərə gəlmiş Naxçıvan Dövlət Filarmoniyasının musiqi və rəqs ansamblı konsert verib.
Səfir Faiq Bağırov gecədəki çıxışında iki qardaş ölkə münasibətlərinin əhəmiyyətindən, iki ölkə münasibətlərinin ümid vəd edən gələcəyindən söz açıb. Daha sonra F. Bağırovla tədbirin keçirildiyi rayonun bələdiyyə başçısı Ənvər Dəmirəl bir-birlərinə təşəkkür plaketi təqdim ediblər.
Gecədə səfirliyin əməkdaşları, Türkiyənin MHP millət vəkilli Sinan Oğan, elm, mədəniyyət və incəsənət xadimləri, diaspora nümayəndələri, Ankara ictimaiyyətinin nümayəndələri və azərbaycanlı tələbələr iştirak edib.