Türkiyənin Xarici İşlər Nazirliyi Azərbaycanda keçirilmiş prezident seçkilərinin nəticələri ilə bağlı bəyanat yayıb. Lent.az-ın məlumatına görə, bəyanatda seçkilərin dinc və şəffaf şəraitdə keçməsindən məmnunluq ifadə olunur.
Türkiyə XİN-in bəyanatında deyilir: “Biz tam əminik ki, Türkiyə-Azərbaycan əlaqələrinə mühüm töhfələr vermiş hörmətli Prezident İlham Əliyev önümüzdəki müddətdə də “bir millət, iki dövlət” prinsipi ilə ikitərəfli əlaqələrimizin daha da dərinləşməsinə səy göstərməkdə davam edəcək”.
Bəyanatda vurğulanır ki, prezident seçkiləri dost və qardaş Azərbaycanın demokratiya baxımından atdığı mühüm bir addımdır və Türkiyə bu seçkilərin Azərbaycan xalqı üçün xeyirli olmasını arzulayır.
Daha sonra bəyanatda prezident Abdullah Gülün və baş nazir Rəcəb Tayyib Ərdoğanın seçkilərin ilkin nəticələri elan olunduqdan dərhal sonra prezident İlham Əliyevi təbrik etdikləri xatırladılır. Həmçinin belə bir inam ifadə olunur ki, Azərbaycanın bölgədə qazandığı müstəsna mövqe ilə mükəmməl səviyyəyə çatmış Türkiyə-Azərbaycan əlaqələri bundan sonra daha da dərinləşəcək, Prezident İlham Əliyev istər Azərbaycanın sosial-iqtisadi və siyasi inkişafına, istərsə də ölkələrimiz arasında əlaqələrin inkişafına yeni töhfələr verəcək.