“Türkiyə İsveçrədən Ermənistanla Azərbaycan arasındakı münaqişənin həllinə kömək göstərməsini və Ankaranın Ermənistanla əlaqələri bərpa etməsi üçün yol açmasını xahiş edib ”.
APA-nın xəbərinə görə, bu barədə “Today Zaman” qəzeti məlumat yayıb.
Diplomatik mənbədən qəzetə bildirilib ki, bu məsələ Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun oktyabrın ortalarında İsveçrəyə səfəri zamanı müzakirə olunub. Həmin səfər zamanı Ə. Davudoğlu bildirib ki, Türkiyə Ermənistanla əlaqələri normallaşdırmağa hazırdır, bir şərtlə ki, Ermənistan Azərbaycan torpaqlarını azad etməyə başlasın.
Türkiyə XİN-dəki mənbə deyib ki, Ankara uydurma “erməni soyqırımı”nın 100 illiyinin qeyd olunacağı 2015-ci ilə qədər Ermənistanla münasibətləri normallaşdırmağı planlaşdırır.
Xatırladaq ki, 2009-cu ildə İsveçrədə Türkiyə ilə Ermənistan arasında iki protokol imzalanıb. “Davudoğlu öz səfəri zamanı İsveçrə rəsmilərinə bildirib ki, əgər Ermənistan işğal olunmuş əraziləri tərk edərsə və bunun üçün Bakının da qəbul edəcəyi dəqiq müddət müəyyənləşdirərsə, biz bu protokolları həyata keçirməyə hazırıq. O, İsveçrə rəsmilərini Ermənistan hökumətini buna inandırmağa çalışmağa çağırıb”, deyə mənbə qeyd edib. Onun sözlərinə görə, İsveçrə tərəfi təklifə müsbət yanaşıb.
Adının çəkilməsini istəməyən məmur “Today Zaman”a bildirib ki, Türkiyə Ermənistanla sərhədlərini Dağlıq Qarabağa görə deyil, işğal olunmuş ətraf rayonlara görə bağlayıb. O deyib ki, Azərbaycan Ermənistanın 7 rayondan 5-ni tərk edəcəyi təqdirdə Türkiyə-Ermənistan sərhədlərinin açılmasına etiraz etməyəcək.