Diaspor təşkilatları arasında ortaq fəaliyyət strategiyası imzalanıb
Mayın 14-də Ankarada Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin II toplantısı keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Türkiyə baş nazirinin müavini Bəkir Bozdağın ev sahibliyi ilə keçən toplantıya Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin diaspor təşkilatlarının rəhbərləri qatılıblar.
Toplantıda Azərbaycan tərəfini Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev təmsil edib. İclasda Türkdilli ölkələrin diaspor təşkilatlarının ortaq fəaliyyət strategiyasının əhəmiyyəti vurğulanıb. İlk çıxış edən Xaricdə Yaşayan Türklər və Əqrəba İcmalar Departamentinin rəhbəri Kemal Yurtnaç bu toplantını indiyədək keçirdikləri iclasların ən önəmlisi olduğunu, onun əhəmiyyətli qarşıdakı illərdə aydın olacağını söyləyib. O, xüsusilə Türk Dünyasındakı ölkələrlə bu addımı atmağı çox vacib saydıqlarını, Özbəkistan və Türkmənistanın da bu sıraya qatılacağına inandığını bildirib.
Valeh Hacıyev də türk dünyasının problemlərini həll etmək üçün türk xalqlarının vahid diaspor altında birləşməsini vacib sayıb. Onun sözlərinə görə, soydaş xalqların ortaq fəaliyyəti onların güclü addımlarla irəliləməsini, gələcəkdə türk xalqlarının fərqli mövqedə yer almasını təmin edəcək. Valeh Hacıyev Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin I Forumunun Bakıda keçirilməsini də Azərbaycanın bu məsələni əhəmiyyətli hesab etməsi ilə əlaqələndirib.
Toplantıya sədrlik edən Bəkir Bozdağ da iclasın əhəmiyyətini vurğulayaraq deyib ki, diasporların xaricdə birgə fəaliyyəti bir çox məsələlərin həllində önəmli rol oynayacaq. O qeyd edib ki, bu, xaricdə birlikdə hərəkət edə bilmək iradəsini ortaya qoya bilmək üçün ciddi, müsbət bir addımdır və türk respublikaları öz aralarındakı əlaqələri fərqli məcraya yönəltməlidir: “ Dost və qardaş ölkələrlə birlikdə atdığımız addımlarımız olduğu kimi Türkiyə Cümhuriyyəti olaraq da atdığımız ciddi addımlarımız var. Xaricdə Yaşayan Türklər və Əqrəba İcmalar Departamenti də bu məqsədlərə xidmət edir. Qurum xaricdəki bütün soydaşlarımızla olan əlaqələrimizi daha fərqli nöqtəyə gətirmək üçün fəaliyyət göstərir. Ortaq olan mədəniyyətimizi daha da ön plana çıxardıqca aramızdakı əlaqələrin fərqli bir yöndə olacağına inanıram. Bu istiqamətdə hər cür fəaliyyəti hökumət olaraq dəstəkləyəcəyik”.
Çıxışlardan sonra Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələri – Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan arasında Türkdilli Ölkələrin Diaspor Təşkilatlarının Ortaq Fəaliyyət Strategiyası imzalanıb. Toplantı çərçivəsində iyunun 21-də Bakıda keçiriləcək isə Bakıda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin I Forumunun proqramına dair müzakirələr də aparılıb. Qərara alınıb ki, Forumda ümumi iclasdan əlavə üç istiqamətdə - Amerika, Kanada; Avropa; Asiya və MDB üzrə panel müzakirələr də təşkil olunsun.
Qeyd edək ki, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin ilk iclası bu il yanvarın 24-25-də Bakıda keçirilib.