“Yeni Azərbaycan Partiyası Milli Şuranın təşəbbüs qrupu tərəfindən prezidentliyə namizəd Cəmil Həsənlinin seçki qanunvericiliyini pozması ilə bağlı beynəlxalq təşkilatlara, eyni halı “Azadlıq” qəzeti davam etdirdiyi təqdirdə isə Mətbuat Şurasına şikayət ünvanlayacaq”. Bunu APA-ya açıqlamasında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib.
S. Novruzov qeyd edib ki, C. Həsənli təbliğat-təşviqat kampaniyasına start verilmədən seçki təbliğatına başlayıb: “Cəmil Həsənli Seçki Məcəlləsinin tələblərini kobud şəkildə pozub, eyni zamanda İnzibati Xətalar Məcəlləsinin tələblərinə zidd olaraq, təbliğat – təşviqat kampaniyası aparıb. Ödənişli seçkiqabağı təşviqat prosesinə qoşulmaqla bağlı Mərkəzi Seçki Komissiyasına müraciət etməyən “Azadlıq” qəzetinin də onun təbliğat kampaniyası ilə məşğul olması ciddi qanun pozuntusudur. MSK-nın saytında da seçkiqabağı təşviqat kampaniyasında iştirak edəcək mətbuat orqanları siyahısında da “Azadlıq” qəzetinin adı yoxdur. Məsələn, bu gün biz “Azərbaycan” qəzetində pulsuz yazı dərc etmək üçün püşkatmada iştirak elədik. Eyni hal “Xalq”, “Respublika” qəzetlərinə də aiddir. Bu, qanunun tələbədir. Amma Milli Şuradakılar qanunun tələbini ciddi şəkildə pozurlar. İstədikləri yazını, istədikləri reklamı say çoxluğu ilə, özü də əvvəldən təşviqat kampaniyasından rəsmi imtina edən bir qəzetdə yayımlayırlar. “Azadlıq” qəzetinin bu cür qanunu pozması azmış kimi, həm də ancaq bir namizədin təbliği ilə məşğul olur, digərlərinə qarşı qara piar aparır, şər, böhtan kampaniyası həyata keçirir”.
S. Novruzov deyib ki, bu, Seçki Məcəlləsinə ziddir: “Bizim fikrimizcə, MSK bununla bağlı Cəmil Həsənliyə də, “Azadlıq” qəzetinə də xəbərdarlıq etməlidir. Həm də İnzibati Xətalar Məcəlləsinin tələbləri yerinə yetirilib, bu qurum cərimə olunmalıdır. Əgər proses yenə davam edərsə, MSK daha ciddi qərarlar qəbul etməlidir. Bu məsələyə çox ciddi fikir verilməlidir”.
S. Novruzov deyib ki, YAP “Azadlıq” qəzeti ilə bağlı Mətbuat Şurasına müraciət ünvanlanlamağı düşünür: “Çünki təbliğatdan rəsmən imtina edən bir qəzet məqsədli formada ancaq bir namizədin təbliğatı ilə məşğul olur, digər namizədlərə qarşı şər kampaniyası aparır”.
YAP rəsmisi bildirib ki, onlar beynəlxalq təşkilatların seçki müşahidə missiyaları ilə görüşdə də C. Həsənlinin seçki ərəfəsində namizəd olaraq qanun pozuntularına yol verdiklərini bildirəcəklər: “Əgər onun bu gündən bu kampaniyanı dayandırmasalar, biz beynəlxalq qurumlara da müraciət ünvanlayacağıq”.