Qazaxıstanın Atırau şəhərinin akimi (meri) Serik Aydarbekovun rəhbərliyi ilə 24 nəfərdən ibarət nümayəndə heyəti Şirvan şəhərində səfərdə olub. APA-nin Mil-Muğan bürosunun məlumatına görə, səfərdə Azərbaycanın Qazaxıstandakı baş konsulu Rəşad Məmmədov, baş konsulun müşaviri Elxan Zeynalov iştirak ediblər.
Qonaqlar şəhərin mərkəzində ucaldılmış Heydər Əliyevin abidəsini ziyarət ediblər. Şirvan şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov Atırau şəhərinin merinə Heydər Əliyev və İlham Əliyevin portretləri olan xalça hədiyyə edib. Qonaqların nümayəndə heyətinin rəhbəri öz növbəsində Şirvan şəhər rəhbərliyinə Qazax xalqının milli adət-ənənəsini əks etdirən portret verib. Rəsmi mərasimdən sonra qonaqlar şəhərin digər görməli yerləri ilə yanaşı, “Cənub” elektrik stansiyası ilə yaxından tanış olublar.
Səfər çərçivəsində hər iki şəhərin rəhbəri tərəfindən Şirvan və Atıraunun qardaşlaşması haqqında birgə bəyannamə imzalanıb.