Bunu APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Ermənistan prezidentinin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasındakı çıxışı zamanı səsləndirdiyi bəyanatlara münasibət bildirərkən deyib.
E. Abdullayev bildirib ki, S. Sarkisyan Azərbaycanı hədələməklə, bütün regionun təhlükəsizliyini hədələyir və dünya ictimaiyyətindən utanmayaraq, AŞPA nümayəndələri qarşısında təcavüzkar mövqeyini təkrarlayır: “Ermənistan prezidenti beynəlxalq təşkilatın tribunasından istifadə edərək, dünya ictimaiyyətini növbəti dəfə aldatmağa cəhd göstərir. Görünür, erməni dövlət başçısının bu cür yanaşması onun beynəlxalq hüquqa və beynəlxalq ictimaiyyətin rəyinə hörmətsizliyindən irəli gəlir. Ermənistan prezidenti anlamır ki, onun Dağlıq Qarabağ münaqişəsinin həllini yubatmağa yönələn danışıqlar prosesi ilə manipulyasiya etmək cəhdləri bütün regionunun, habelə Ermənistanın təhlükəsizliyinə mənfi təsir göstərir”.
XİN rəsmisinin fikrincə, S. Sarkisyanın demokratiya anlayışı ilə beynəlxalq ictimaiyyətin demokratiya anlayışı kəskin fərqlənir: “Bir şeyi dəqiq bilirəm: cinayət, etnik təmizləmə və beynəlxalq hüququn, o cümlədən beynəlxalq humanitar hüququn pozulması hesabına demokratiya qurmaq insanlıq idealları ilə ziddiyyət təşkil edir. Azərbaycanın işğal olunmuş ərazilərində yerli azərbaycanlı əhalinin qanı üzərində qondarma rejim yaratmaq və bunu sonradan demokratiya adlandırmaq - mən beynəlxalq hüququ demirəm - bəşəri dəyərlərə hörmətsizliyin utanmazcasına nümayiş etdirilməsi deməkdir”.
Qeyd edək ki, S. Sarkisyan bu gün AŞPA sessiyasındakı çıxışında Azərbaycanın ünvanına bəzi ittihamlar və hədələr səsləndirərək, separatçı Dağlıq Qarabağ rejimini demokratik cəmiyyətə nümunə adlandırıb.