“Suriyada silahlı döyüşçülərin kimyəvi silah tətbiqi ilə bağlı ortaya faktlar çıxıb”
“Suriya münaqişəsinin sülh yolu ilə həll olunmasına həsr olunan “Cenevrə-2” konfransının keçirilməsi hələlik alınmır. Bu nə Rusiyanın, nə də Suriya hökumətinin günahıdır. Konfransın keçirilməsinə Suriya müxalifəti razılıq vermir. Tərəfdaşları onları ya yola gətirə bilmirlər, ya da ki, yola gətirmək istəmirlər”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu fikirləri bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov suriyalı həmkarı Valid Müallimlə birgə keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, suriyalılar arasında dialoq vacibdir: “Bu, münaqişənin sülh yolu ilə həllində ən vacib addımdır. Əgər Suriyaya zərbə endirilsə, “Cenevrə-2” sülh konfransının keçirilməsi mümkün olmayacaq”
S. Lavrov BMT baş katibinin ekspertlərin Suriyaya geri qayıtması ilə bağlı çağırışını dəstəklədiklərini vurğulayıb: “Biz təkid edəcəyik ki, Suriyada kimyəvi silah tətbiq edilməsini araşdıran BMT müşahidəçiləri öz işlərinə başa çatdırmaq üçün Dəməşqə qayıtsınlar. Ekspertlər kimyəvi silahın tətbiq olunması ilə bağlı araşdırmalarını başa çatdırmalıdırlar”.
Rusiya XİN başçısı avqustun 21-də Dəməşq yaxınlığında kimyəvi silah tətbiq edilməsi ilə bağlı hadisənin qabaqcadan hazırlandığını söyləyib: “Beynəlxalq komissiyanın üzvü Del Ponti tərəfindən aparılan professional qiymətləndirmələr var. Onun əlində silahlı döyüşçülər tərəfindən kimyəvi zəhər vasitələrinin tətbiqi ilə bağlı dəlillər mövcuddur. 21 avqustda baş verən hadisənin qabaqcadan hazırlanması ilə bağlı nəhayət ki, əlimizdə faktlar var”.
S. Lavrov Suriyada silahlı döyüşçülərin törətdikləri cinayətlər barədə çoxlu faktın olduğunu da söyləyib: “Bu barədə kifayət qədər dəlil, sübut var. Döyüşçülər özləri törətdikləri cinayətin videogörüntüsünü internetə yerləşdirirlər. Onların kimyəvi silah tətbiq etməsi ilə bağlı da ortaya faktlar çıxıb”.