Sərdar Cəlaloğlunun namizədliyi qeydə alındı
13 sentyabr 2013 16:46 (UTC +04:00)

Sərdar Cəlaloğlunun namizədliyi qeydə alındı

Bu gün Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.


 

APA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Komissiyanın katibi Arifə Muxtarova ADP tərəfindən namizədliyi irəli sürülən Sərdar Məmmədov (Sərdar Cəlaloğlu) haqqında məlumat verib.

 

MSK katibi əlavə edib ki, adıçəkilən namizədliyi təsdiq olunmuş şəxslərin təqdim etdiyi imza vərəqələri yoxlanıb və onun namizədliyinin qeydə alınması üçün hüquqi əsasların olması müəyyən edilib.

 

MSK-nın İşçi qrupunun rəhbəri İlham Məmmədov isə deyib ki, S.Cəlaloğlu MSK-ya 42 728 imza nümunəsi təqdim edib, bunlardan 40 178-i etibarlı hesab edilib.

 

Arifə Muxtarova əlavə edib ki, seçki qanunvericiliyinə görə, prezidentliyə namizədin qeydə alınması üçün onun müdafiəsi məqsədilə ən azı 40 min imza toplanmalıdır. MSK açıq səsvermə yolu ilə adıçəkilən şəxsin namizədliyini qeydə alıb.

 

İclasda BAXCP-dən təyin olunan məşvərətçi səs hüquqlu üzvü təsdiq olunub.

 

MSK prezident seçkilərinə ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsü məqsədilə püşkatma kampaniyasının yaradılması, püşkatmanın keçirilməsi vaxtının müəyyən olunması və efir vaxtının bölgüsü cədvəlinin dərs edilməsi cədvəlinə dair də müzakirə aparıb.

 

Yığıncaqda MSK-nın 11 sentyabr tarixli iclas protokolu da təsdiq olunub.

 

Qeyd edək ki, buna qədər MSK tərəfindən prezident İlham Əliyevin, Ümid Partiyasının sədri İqbal Ağazadənin, Milli Məclisin deputatı Zahid Orucun, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin, Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyevin, Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadənin, Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyevin, Milli Şuranın namizədi Cəmil Həsənlinin və Ədalət Partiyasının sədri İlyas İsmayılovun namizədliyi qeydə alınıb.

 

Ümumilikdə indiyədək 21 nəfərin namizədliyi təsdiqlənib. “Milli Şura” Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülən Rüstəm İbrahimbəyovun namizədliyi təsdiq olunmayıb. Üç nəfər - Əli İsa Ağaevli, İlqar Məmmədov (İlqar Altay), Qüdrət İsaqov isə öz təşəbbüsləri ilə seçkidə iştirakdan imtina edib. Elşən Həsənov, Yusif İsmayılov, Rauf Quliyev, Hidayət Rüstəmbəyli, Ərəstun Oruclu isə tələb olunan 40 min imzanı toplaya bilmədikləri üçün seçki marafonunun onlar üçün bitdiklərini açıqlayıb. Adı çəkilən şəxslər imza vərəqələrini MSK-ya qaytarmayıblar.

 

Azərbaycanda prezident seçkiləri oktyabrın 9-da keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 564
avatar

Oxşar yazılar