Ukraynadakı səfirimiz Eynulla Mədətli dekabrın 22-də Dnepropetrovskdə işgüzar səfərdə olub. Səfirlikdən APA-ya verilən məlumata görə, E. Mədətli Dnepropetrovsk vilayət Şurasının sədri Yevgeni Udod ilə görüşüb.
Ukraynada Azərbaycan diasporunun böyük bir qisminin məhz Dnepropetrovsk vilayətində məskunlaşdığını xatırladan diplomat vilayət rəhbərliyinin Azərbaycan diasporuna xoş və dostcasına münasibətindən məmnunluğunu bildirib. Görüşdə Dnepropetrovsk vilayət Şurasının deputatı, tanınmış iş adamı və xeyriyyəçi Fəxrəddin Muxtarov, “Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu” ictimai təşkilatının sədri Hikmət Cavadov, “Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi” ictimai təşkilatının sədri Rövşən Tağıyev və Dnepropetrovsk Azərbaycanlıları Liqasının sədri Sərxoş İsmayılov da iştirak ediblər.
Həmin gün səfir Dnepropetrovsk Azərbaycanlıları Liqasının sədri Sərxoş İsmayılovun təşəbbüsü və dəstəyi ilə açılmış Azərbaycan Təhsil-Mədəniyyət Mərkəzində olub, orada fəaliyyət göstərən bazar günü Azərbaycan məktəbində müəllim və şagirdlərlə görüşüb.
Sonra səfir və onu müşayiət edənlər vilayət Şurasının sədri Yevgeni Udodla birgə Dnepropetrovsk Azərbaycanlıları Liqasının Ukrayna xalq artisti Qurban Abbasovun rəhbərlik etdiyi Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə təşkil etdiyi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş təntənəli tədbirdə iştirak ediblər.