Oktyabrın 1-də BMT Təhlükəsizlik Şurasında sədrliyə başlayan Azərbaycanın bu qurumdakı daimi nümayəndəsi Aqşin Mehdiyev bu ay üçün TŞ-nin fəaliyyəti məlumat verib.
APA-nın xəbərinə görə, A. Mehdiyev bildirib ki, oktyabrda TŞ üzvləri Afrikadakı Böyük Göllər regionu ölkələrinə səfər planlaşdırır. Ayın ilk dekadasında gerçəkləşəcək səfər zamanı BMT missiyası Konqo Demokratik Respublikası, Ruanda və Uqandaya gedəcək, Afrika İttifaqının Təhlükəsizlik Şurası ilə məsləhətləşmələr keçirəcək.
Oktyabrın 28-də TŞ-də regional təşkilatlar, xüsusən İslam Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığa həsr olunmuş yüksək səviyyəli iclas olacaq.
A. Mehdiyev oktyabrda TŞ-nin Yaxın Şərq üzrə debatlar, TŞ-nin iş metodları, qadınların postkonflikt situasiyalarında qanunun aliliyinin təmin olunmasında rolu mövzularında debatlar da daxil olmaqla 12 açıq iclas keçirəcəyini söyləyib. Mali, Konqo Demokratik Respublikası, Somali və Darfurda vəziyyətə həsr olunmuş müzakirələr və Suriya, Sudan (Cənubi Sudan), Qərbi Saxara ilə bağlı qapalı müzakirələr keçiriləcək.
Ayın sonunda Suriyada kimyəvi silahın qadağan olunması ilə bağlı İcra Şurasının qərarının və Suriya ilə bağlı sentyabrın 27-də qəbul olunmuş qətnamənin icrasının gedişi müzakirəyə çıxarılacaq.