“Milli Demokratiya İnstitutunun Azərbaycanda fəaliyyətini davam etdirməsi məsələsində mühüm irəliləyiş əldə edilib”
“Enerji resursların diversifikasiyasında və qlobal enerji təhlükəsizliyin təminatında Azərbaycan və Türkiyənin rolu artır”.
APA-nın məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bildirib.
Onun sözlərinə görə, Qərblə Şərq arasında körpü yaradan bu iki ölkə model kimi təqdim oluna bilər: “Azərbaycan Qərbə enerji resursların alternativ marşrutlarla nəqlini təmin edib. Azərbaycan NATO və tərəfdaşları üçün alternativ enerji tədarükü görülməsində mühüm rol oynayır. Növbəti ay biz “Şahdəniz” konsorsiumunun Azərbaycan qazını Avropaya daşıyacaq əlavə kəmər marşrutu ilə bağlı qərar qəbul edəcəyini gözləyirik. ABŞ istənilən marşrutun seçilməsinə neytral yanaşır, bu, TAP və ya "Nabucco West" ola bilər. Əsas odur ki, bu layihə Avropanın qaz təchizatını şaxələndirəcək və Azərbaycan qazının Avropaya nəql edilməsi üçün geniş imkanlar yaradacaq. Türkiyə də həmçinin enerji resursları istehsal edən ölkələr üçün neft nəqlinə imkanlar yaradır və Avropanın qaz təchizatının şaxələndirilməsinə öz töhfəsini verir. Azərbaycan ilə Türkiyənin Trans-Anadolu kəməri tikmək qərarı onların enerji körpüsü qurmaq öhdəliklərinin fiziki təsdiqidir”.
R. Morninqstar həmçinin əlavə edib ki, Azərbaycan və ABŞ arasında dialoq bundan sonra da davam edəcək: “Biz Dağlıq Qarabağ münaqişənin həllində maraqlıyıq, lakin bu məsələnin enerji layihələrinin icrasına aidiyyəti yoxdur. ABŞ-ın xarici siyasətində energetikanın rolunu şişirtmək lazım deyil. Energetika çox vacib məsələdir, amma ABŞ Azərbaycanda stabilliyinin təmin edilməsini vacib sayır”.
Səfir Milli Demokratiya İnstitutunun Azərbaycanda fəaliyyəti ilə bağlı məsələyə də toxunub: “Milli Demokratiya İnstitutu ilə bağlı məsələdə mühüm irəliləyiş əldə edilib. İnanıram ki, bu məsələ tezliklə öz həllini tapacaq".