Teymuraz Şaraşenidze: «Azərbaycan-Gürcüstan münasibətləri nəinki regionda, bütün dünyada qonşuluq nümunəsi kimi qəbul oluna bilər»
Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidzenin APA-ya müsahibəsi
- Azərbaycanla Gürcüstan arasındakı əməkdaşlığın hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?
- Azərbaycanla Gürcüstan arasındakı münasibətlər kifayət qədər yüksək və stabildir. Ölkələrimizin və xalqlarımızın tarixi, geopolitik, iqtisadi və mədəni ümumiliyi göstərir ki, uzun əsrlər ərzində bizim əlaqələrimiz dostsevər və mehriban qonşuluq şəraitində olub. Ən yeni tariximizdə iki ölkənin münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və siyasi, iqtisadi, sosial, humanitar sahələrdə bütün istiqamətləri özündə ehtiva edir. Son bir ildə ən yüksək səviyyələrdə müxtəlif görüşlər olub, Gürcüstanın baş naziri İrakli Qaribaşvili Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb, Azərbaycanın baş naziri Artur Rasizadə Gürcüstanın yeni prezidentinin andiçmə mərasimində iştirak edib. Bütün bunlar sıx əməkdaşlığın göstəricisidir. Mən deyərdim ki, Azərbaycan-Gürcüstan münasibətləri nəinki regionda, bütün dünyada qonşuluq nümunəsi kimi qəbul oluna bilər.
- Sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiyanın növbəti iclası nə vaxt keçiriləcək?
- Komissiya işini davam etdirir. Bu yaxınlarda ekspertlərin görüşü keçirilib. Gürcüstan tərəfi azərbaycanlı həmkarlarına təkliflərini təqdim edib, indi cavab gözləyirik. Cavab aldıqdan sonra komissiyanın iclasının vaxtı dəqiqləşdiriləcək. Bu istiqamətdə tempin artırılması vacibdir və düşünürəm ki, gər iki tərəf buna hazırdır. Əsas odur ki, hər iki ölkənin xarici siyasət idarələrinin rəhbərləri tərəfindən təsdiqlənmiş plan üzrə komissiya işinə davam edir, fəaliyyətini dayandırmır.
- İki ölkə arasında iqtisadi əlaqələr hansı səviyyədədir?
- İqtisadi əlaqələrimiz də yüksək səviyyədədir, ticarət dövriyyəsinin həcmi ildən-ilə artır. Cari ilin on ayı ərzində ticarət dövriyyəsinin həcmi 1 mlrd. ABŞ dolları səviyyəsinə çatıb. Bu istiqamətdə əməkdaşlığın inkişafı üçün heç də az olmayan potensial mövcuddur. Azərbaycan-Gürcüstan iqtisadi əlaqələrindən danışarkən “Cənub” nəqliyyat dəhlizini mütləq qeyd etmək lazımdır. Təkcə son iki həftədə iki mühüm hadisə baş verib. Dekabrın 11-də Gürcüstanın Axaltsixi bölgəsində yüksək gərginlikli elektrik yarımstansiyası açılıb ki, bu da Azərbaycan və Gürcüstandan Türkiyəyə və gələcəkdə Avropaya neft və qazla yanaşı, elektrik enerjisi ixrac etməyə imkan verəcək. Gürcüstan bu məsələdə təkcə tranzit ölkə deyil, həm də istehsalçı və nəql edən ölkədir. Bu tədbirdə Azərbaycanı energetika naziri Natiq Əliyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. İkinci mühüm hadisə isə dekabrın 17-də Bakıda “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya qərarının imzalanmasıdır. Gürcüstanın baş naziri İrakl Qaribaşvilinin də iştirak etdiyi bu hadisənin yekunu Avropa Birliyi ölkələrinin Azərbaycan qazı ilə təmin edilməsi olacaq.
Bakı-Tiflis-Qars layihəsinə gəlincə, deyə bilərəm ki, bu, əsrin layihələrindən biridir. Layihə 2014-cü ilin sonunda başa çatacaq biz şahidi olacağıq ki, yeni, müasir İpək Yolunun dəmiryolu magistralı ölkələrimizin ərazisindən keçir.
- Azərbaycanla Gürcüstan arasında hansı sənədlərin imzalanması gözlənilir?
- Azərbaycan və Gürcüstan arasında tammiqyaslı müqavilə-hüquq bazası mövcuddur. Amma daxili və xarici şərtlər altında dəyişən reallıqları nəzərə alsaq, bu baza müvafiq olaraq dəyişilə, yenilənə və yeni sazişlər imzalana bilər. Hazırda yeni reallıqları nəzərə alaraq gömrük xidməti, ekologiya və rabitə sahələrində sazişlər imzalanmağa hazırlanır.
- Azərbaycan diasporu Gürcüstanın ictimai-siyasi həyatında hansı rolu oynayır?
- Gürcüstan da Azərbaycan kimi çoxmillətli ölkədir. Gürcüstan azərbaycanlıları çoxsaylı etnik qrup olub, bir çox hallarda bizim ölkəmizin inkişafını müəyyənləşdirirlər. Onlar ölkəmizin ictimai-siyasi həyatının bütün sahələrində, o cümlədən qanunverici və icraedici hakimiyyət strukturlarında təmsil olunurlar. Gürcüstan azərbaycanlıları öz ölkələrini çox sevirlər və mən bununla fəxr edirəm.
- Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı rəsmi Tiflisin mövqeyi barədə nə deyə bilərsiniz?
- Bizim mövqeyimiz qəti və aydındır. Gürcüstan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə, beynəlxalq hüquq çərçivəsində həll olunmalıdır. Uzun əsrlərdir Cənubi Qafqazda qan axıdılır. Ən yeni tariximizdə də qonşu dövlətlər – Azərbaycanla Ermənistan, Rusiya ilə Gürcüstan arasında müharibələr olub. XXI əsrdə mübahisəli məsələləri danışıqlar yolu ilə həll etməyin vaxtı gəlib çatıb.