Sabirabad rayon İcra Hakimiyyəti (İH) Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) rayonda keçirdiyi toplantının yarımçıq saxlanılması ilə bağlı məlumat yayıb.
İH-nin mətbuat xidmətindən APA-ya daxil olan açıqlamada bildirilib ki, bu il aprelin 20-də saat 12.00 radələrində AXCP üzvü, Sabirabad şəhəri H. Həmidov küçəsi dalan 3, ev 16-da yaşayan Rüstəmov Sahib Cəbrayıl oğlunun həyət evində partiyanın Sabirabad rayon təşkilatı icazəsiz iclas keçirməyə cəhd göstərib: “Tədbirdə iştirak etmək üçün Bakıdan AXCP Ali Məclisinin sədri Həsən Kərimov, sədr müavini Gözəl Bayramlı, əslən Sabirabadın Xəlfəli kəndindən olan, AXCP-nin mətbuat xidmətinin rəhbəri Natiq Ədilov gəlib. Onlar 30-35 nəfər yerli AXCP üzvünün iştirakı ilə həyətə daxil olarkən qonşularla aralarında mübahisə yaranıb. Tədbir nəzərdə tutulan ev bazarın ətrafında olduğundan oradakı sakinlər də tədbirin keçirilməsinə qəti etiraz edərək, gələnlərdən rayonu təcili tərk etməyi tələb ediblər. Sakinlərin tələblərinə məhəl qoymayaraq, tədbiri keçirməyə cəhd göstərdikdə isə gələnlər sakinlər tərəfindən yumurta və pomidor atəşinə tutulublar”.
Açıqlamada daha sonra Natiq Ədilovun yerli sakinlərlə münaqişə yaratdığı qeyd olunub: “Bundan sonra sabirabadlı Natiq Ədilov camaatın üzərinə hücum çəkərək, onları söyüb təhqir edib. Buna rayon sakinlərinin əks reaksiyasından sonra yaxınlıqda olan polis hadisəyə müdaxilə edərək, əhalini sakitləşdirməyə çalışıb. Vəziyyətin gərginliyini görən Bakıdan gələn AXCP nümayəndələri tələm-tələsik rayon ərazisini tərk ediblər”.