Sabah Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin və Madrid Klubunun təşkilatçılığı ilə beynəlxalq toplantı olacaq.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent. az-a verilən məlumata görə, Latviya, Finlandiya, Hollandiya, Şri-Lanka və digər ölkələrin keçmiş dövlət və hökumət başçıları, həmçinin bir sıra nüfuzlu beynəlxalq qurumların rəhbərlərinin iştirakı ilə keçiriləcək Yüksək Səviyyədə Görüşün məqsədi “Birgə Cəmiyyətlər -2014” forumuna hazırlıqdır.
İki gün davam edəcək Yüksək Səviyyədə Görüşün iştirakçıları Cənubi Qafqazda münaqişələr, qadınların cəmiyyətdə aktivliyinin artırılması, mədəniyyətlərarası və dinlərarası dialoq, 2015-ci il Minillik İnkişaf Proqramı kimi əhəmiyyətli mövzuları müzakirə edəcəklər. Toplantıda Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri - Vaira Vike-Freiberga (Latviyanın sabiq prezidenti), İsmail Seragəldin (İsgəndəriyyə Kitabxanasının Direktoru) və Mərkəzin İdarə Heyətinin üzvləri - prezident Tarja Halonen (Finlandiyanın sabiq prezidenti), Walter Fust (YUNESKO-nun Hökumətlərarası Media Komissiyasının sədri) o cümlədən, Madrid Klubunun prezidenti Wim Kok (Hollandiyanın sabiq Baş naziri) və Jennifer M. Shipley (Yeni Zellandiyanın sabiq Baş naziri), Jorge Quiroga (Boliviyanın sabiq prezidenti) və hər iki qurumun digər üzvləri iştirak edəcəklər. Tədbirə tərəfdaş təşkilatlar – Beynəlxalq Dialoq və Əməkdaşlıq Mərkəzinin rəhbəri Petar Stoyanov (Bolqarıstanın sabiq prezidenti), Dünya Elm və Mədəniyyət Akademiyasının prezidenti İvo Slaus, Gürcüstan Universitetinin həmsədri Giuli Alasaniya və digər nüfuzlu şəxslər də qatılacaqlar.
Tədbir çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun İdarə Heyətlərinin toplantısı keçirilməsi də planlaşdırılır. İclasda Mərkəzin illik hesabatı müzakirə olunacaq və növbəti il üçün fəaliyyət strategiyası müəyyən ediləcək. Toplantının sonunda BMT baş katibi Ban Ki Muna və Baş Assambleyaya müraciət olunması planlaşdırılır. ABŞ-ın sabiq dövlət katibi Hilları Klinton Yüksək Səviyyədə Görüşün iştirakçılarına müraciət edərək onlara toplantının uğurlu və səmərəli keçməsində xoş arzularını bildirib.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə reallaşan Yüksək Səviyyədə Görüşün davamı olaraq “Müştərək Cəmiyyətlər Forumu 2014” layihəsi çərçivəsində Brisbon, Afina, İsgəndəriyyə və Madriddə toplantıların keçirilməsi nəzərdə tutulub.