Sabiq nazir: “Ermənistan Azərbaycanla birgə enerji layihələrində iştirak edə bilər”
28 aprel 2014 18:16 (UTC +04:00)

Sabiq nazir: “Ermənistan Azərbaycanla birgə enerji layihələrində iştirak edə bilər”

“Hamı etiraf etməlidir ki, Qafqazda sülhə və sabitliyə ən böyük təhlükə Dağlıq Qarabağ münaqişəsidir”.


 

APA-nın məlumatına görə, bunu Bakıda II Qlobal Açıq Cəmiyyətlər Forumunda çıxışı zamanı Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin deyib.

 

Azərbaycanın Dağlıq Qarabağ və 7 ətraf rayonunun Ermənistan tərəfindən işğal olunduğunu xatırladan H.Çətin erməni təcavüzü nəticəsində bir milyondan çox insanı yurd-yuvasından didərgin düşdüyünü vurğulayıb:

 

“ATƏT-in Minsk qrupu 20 ildən artıqdır ki, münaqişənin həlli ilə bağlı fəaliyyət göstərsə də, bunun nəticəsi yoxdur. Münaqişənin həlli üçün konkret addımların atılmasının vaxtı çatıb. İlk öncə Ermənistan ətraf 5-6 rayondan öz qoşunlarını çıxarmalıdır. Bu, münaqişənin həlli və regionda sabitliyin bərpası üçün vacibdir”.

 

H.Çətin bildirib ki, mövcud durum daim belə qala bilməz. “Ermənistan liderlərinə üzümü tutaraq demək istəyirəm ki, onlar bu barədə bir daha düşünsünlər. Məlum olduğu kimi, hazırda Ermənistanda sosial-iqtisadi sahədə vəziyyət çox pisdir”, - deyə o vurğulayıb.

 

Sabiq nazirin sözlərinə görə, Ermənistan Azərbaycanla birgə regionda bir çox layihələrin, xüsusilə enerji layihələrinin həyata keçirilməsində iştirak edə bilər: “Bunun üçün Ermənistan Azərbaycan torpaqlarının işğalına son qoymalıdır. Bu, əməkdaşlığın başlanğıcı ola bilər”.

 

# 737
avatar

Oxşar yazılar