Müasir Azərbaycan: varislik və yeniliyin vəhdəti
21 dekabr 2013 12:46 (UTC +04:00)

Müasir Azərbaycan: varislik və yeniliyin vəhdəti

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tariximizin müstəsna əhəmiyyətə malik olan səhifələrindən biridir. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə itirilmiş dövlətçiliyimizin bərpası reallaşmış, milli təfəkkür, milli şüurun oyanışı mümkünləşmişdir.

Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yaranması əlamətdar hadisə olmaqla xalqımızın dövlətçilik salnaməsinin parlaq səhifələrindən birini təşkil etmişdir. Cümhuriyyətin yaradılması və milli dövlət quruculuğunun bərqərar edilməsi xalqımızın suverenliyinin təmin olunmasında, tarixi yaddaşının formalaşmasında müstəsna əhəmiyyət kəsb etmişdir. Azərbaycan Respublikasının yaradılmasında və ona rəhbərlik edilməsində çox böyük rol oynamış M.Ə.Rəsulzadənin, F.Xoyskinin, N.Yusifbəylinin, A.Səfikürdskinin, Ə.Topçubaşovun, X.Xasməmmədovun, C.Hacınskinin, S.Mehmandarovun və başqalarının məntiqi düşüncə, praqmatik təfəkkür və siyasi fəaliyyətləri Azərbaycanın sonrakı ictimai-siyasi xadim nəslinin yetişməsində mühüm əhəmiyyət kəsb etmişdir .

Eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın tarixində ilk dəfə demokratik prinsiplər əsasında müstəqil Azərbaycan dövlətinin, hökumətinin yaranmasının əsasını qoydu. AXC ölkəmizin mili dövlətçilik tarixində mühüm rol oynamaqla 23 aylıq fəaliyyəti müddətində çox böyük işlər görmüş, iqtisadi-siyasi, sosial-mədəni islahatlara təkan vermişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin müstəqil Azərbaycan Respublikasına verdiyi böyük töhfələrdən biri və bəlkə də ən əsası ondan ibarətdir ki, dünyanın bütün Şərq, müsəlman aləmində ilk dəfə Azərbaycanda demokratik üsul-idarə prinsiplərinə əsaslanan dövlət, hökumət yaranmış, beləliklə də Azərbaycanda həm müstəqilliyin, həm də demokratiyanın, demokratik dövlət üsul-idarəsinin əsası qoyulmuşdur.

Müasir Azərbaycan Respublikası  Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Müstəqillik haqqında Konstitusiya Aktı” nda qeyd olunur  ki, 1920-ci ildə itirilmiş müstəqilliyimiz bərpa olunur.  Xalq Cümhuriyyətinin siyasi varisi olmaqla Azərbaycan Respublikası onun bayrağını, gerbini, himnini qəbul etmiş, Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddətli fəaliyyətinin zəngin ənənələrindən istifadə etmişdir. Ümummilli lider Heydər Əliyevin AXC prinsiplərinə varislik fonunda daha da zənginləşərək yeniləşdirdiyi siyasi xətt bu gün Respublikamızın iqtisadi, siyasi tərəqqisinin əsasında dayanan amildir. Dövlət başçısı İlham Əliyevin AXC yaradıcılarından, Azərbaycan ictimai-siyasi fikrinin görkəmli nümayəndələrindən biri olan Məhəmməd Əmin Rəsulzadənin 130 illik  yubileyinin respublika miqyaslı keçirilməsi ilə bağlı imzaladığı sərəncam bu prinsipin real təsdiq nümunəsidir.  Fərmanın imzalanması  cəmiyyətdə daim bəzi qüvvələr tərəfindən şəxsi təhriflərə əsaslanan sübutsuz rəylərin,ictimai və ideoloji spektisizmin dəfi, qədim dövlətçilik ənənələrinə sadiqliyini bariz isbatı oldu. Bununla Azərbaycan hökuməti  Azərbaycan dövlətçiliyinin tarixiliyini,  varisliyini bir daha nümayiş etdirməklə  müasirləşən və yeniləşən strategiyasının özülünü isbat etdi. 

 

 

Nailə Məmmədova

ərqi Avropada Təhsil alan Azərbaycanlı Tələbələr və Məzunlar" İctimai Birliyinin fəalı

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1551
avatar

Oxşar yazılar