İyunun 2-də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Bakı Əyləncə Mərkəzində növbəti qurultayını keçirəcək. APA-nın xəbərinə görə, BAXCP sədrinin siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı qurultaya hazırlığın yüksək səviyyədə həyata keçirildiyini deyib: “Bir il idi ki, BAXCP növbəti qurultayını keçirə bilmirdi. Bakı şəhər İcra Hakimiyyəti qurultaya müvafiq yer ayırmırdı. Bizim 747 nəfər nümayəndəmiz seçilmişdi, ayrılan yer isə kifayət etmirdi. BAXCP rəhbərliyinin ölkə prezidentinə müraciətindən sonra məsələ öz həllini tapdı. Bakı Əyləncə Mərkəzinin geniş zalı var və ən azından çalışacağıq ki, qurultay nümayəndələrinin 80-90%-i iştirak edə bilsin”.
Qurultay nümayəndələri və BAXCP rəhbərliyi əvvəlcə Fəxri Xiyabanda Əbülfəz Elçibəyin qəbrini ziyarət edəcək. Ziyarətdən sonra saat 11:00-da qurultay nümayəndələrinin qeydiyyatı başlayacaq. N. Orduxanlı qurultayda seçiləcək sədrin həm də prezidentliyə namizəd olacağını açıqlayıb.