Rusiya XİN: Rəsmi Moskvanın mövqeyi dəyişməyib
11 noyabr 2013 12:16 (UTC +04:00)

Rusiya XİN: Rəsmi Moskvanın mövqeyi dəyişməyib

“Moskvada “Gülüstan” sülh müqaviləsinin 200 illiyinə həsr olunan konfransda səslənən fikirlər orada iştirak edənlərin şəxsi fikirləridir və biz orda səslənən fikirləri bölüşmürük”


 

 “Rusiya Dağlıq Qarabağ konfliktinin sülh yolu ilə həll olunmasına sadiqdir. Rəsmi Moskvanın münaqişənin həlli istiqamətində mövqeyi dəyişməyib və bu prinsipial mövqedir. Rusiya XİN rəhbərliyi və ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatlarında bu mövqe dəfələrlə əksini tapıb. Rusiya, ABŞ və Fransa prezidentlərinin bu ilin iyunun 18-də Lox Erntdə qəbul etdikləri bəyanatı da xatırlamaq olar. Bəyanatda qeyd edilir ki, hərbi əməliyyatların başlanması region əhalisi üçün katastrofik nəticələrə səbəb ola bilər”.

 

Bu açıqlama Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentindən APA-nın Moskva müxbirinə Ermənistandakı Rusiya hərbi bazasının komandanı, polkovnik Andrey Ruzinskinin Rusiya Müdafiə Nazirliyinin rəsmi orqanı olan “Krasnaya zvezda” qəzetinə müsahibəsində “Azərbaycan Dağlıq Qarabağda əməliyyata başlasa, hərbi baza münaqişəyə qoşula bilər” bəyanatına münasibət bildirilərkən verilib.

 

Departamentdən oktyabrın 31-də anti-Azərbaycan bəyanatlarının səsləndiyi Prezident Administrasiyanın İşlər İdarəsinin balansında olan “Prezident” hoteldə keçirilən “Gülüstan” sülh müqaviləsinin 200 illiyinə həsr olunan beynəlxalq konfransa da münasibət bildirilib. Qeyd olunub ki, oktyabrın 31-də Moskvada baş tutan tədbir ictimai təşkilat tərəfindən keçirilib: “Bu tədbir MDB ölkələri İnstitutu və Rusiya Erməniləri İttifaqı tərəfindən təşkil olunub. Bunların heç bir dövlət təşkilatı deyil, ictimai təşkilatdır. O ki qaldı konfransda səslənən fikirlərə, bildirmək istəyirik ki, həmin fikirlər konfransda iştirak edənlərin şəxsi fikirləridir və biz onların fikirlərini bölüşmürük. Fikrimizcə, həmin konfransda çıxış edənlərin baxışları Azərbaycana çoxdan məlumdur. Burada elə bir yeni informasiya yoxdur. Bu, qeyri-rəsmi ictimai təşkilatın tədbiri olub. Orda deyilənlərin də heç biri rəsmi mövqe deyil”.

 

Qeyd edək ki, oktyabrın 31-də “Prezident” hoteldə MDB ölkələri İnstitutu və Rusiya Erməniləri İttifaqı tərəfindən “Gülüstan” sülh müqaviləsinin 200 illiyinə həsr olunan konfrans keçirilib. Konfrans zamanı MDB Ölkələri İnstitutunun direktoru, Rusiya Dövlət Dumasının keçmiş deputatı, ermənipərəst Konstantin Zatulin Azərbaycan əleyhinə bəyanatlar səsləndirərək, konfransa qatılan erməni separatçılarının nümayəndələrini “Dağlıq Qarabağ Respublikası”nın rəsmi nümayəndələri kimi təqdim edib. Qondarma “DQR”-in nümayəndələri isə çıxışlarında Azərbaycanı terrorçu dövlət adlandırıblar.

 

Konfransa çıxış edən bütün ermənilər saxta erməni tarixindən danışaraq Azərbaycana qarşı yalan və iftira dolu bəyanatlar səsləndiriblər. Konfransa qatılan ermənipərəst rusiyalı politoloq və tarixçilər də onlarla həmrəylik nümayiş etdiriblər. 


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 921
avatar

Oxşar yazılar