Rəsul Quliyev yenə bəyənmədi: "Bu mitinq final idi..."
Açıq Cəmiyyət Partiyasının lideri, eks-spiker Rəsul Quliyev Milli Şuranın hər mitinqindən, toplantısından, verdiyi yeni qərardan sonra öz fikirlərini bildirdiyi kimi 12 oktyabrda keçirilən mitinqdən sonra da susmadı.
Amerikada yaşayan və Milli Şuranın vahid namizəd olaraq Cəmil Həsənlini seçdikdən sonra qurumun fəaliyyətini bir dəfə də olsun müsbət qiymətləndirməyən R.Quliyev müxalifəti yenə də “sancıb”. R.Quliyev Milli Şuranın oktyabrın 12-də keçirilən mitinqindən sonra hakimiyyətə etiraz edən müxalifət üçün hər şeyin bitdiyini deyir.
Virtualaz.org xəbər verir ki, bu barədə öz facebook səhifəsində yazan eks-spiker 12 oktyabr mitinqinin düzgün strategiyası olmayan müxalifət üçün final olduğunu yazıb: "12 oktyabr mitinqi ilə düzgün strategiyası olmayan müxalifətin final akkordları çalındı. 12 oktyabr mitinqinin indiyə qədər keçirilən mitinqlərdən 20 faizə yaxın çoxsaylı olması ürəkaçan faktordur, ancaq heç bir dəyişiklik etməyə kifayət deyildir".
R.Quliyev mitinqdən sonra polislə yaşanan qarşıdurmadan sonra Milli Şura üçün mitinqlərin bitdiyini də yazıb: "Bu gündən etibarən nə müxalifət mitinq keçirməyə cəhd edəcək, nə də hökumət onlara şəhərin içərisində yer verəcək. Aktivlik göstərmək istəyənləri sadəcə olaraq neytrallaşdıracaqlar. Etiraz və müqavimətin kütləvilik əmsalının aşağı olması hökumətin bütün istiqamətlərdə əl qolunu açdı. Beynəlxalq təşkilatların əvvəlki seçkilərdən fərqli olaraq ziddiyyətli və daha mülayim tonları İlham Əliyev komandasını düzgün yolda olduqlarına inandırıb”.
1547